Türkiyədə əsas müxalifət yenidən formalaşır - Emre Dinerdən ANALİZ

  • "CHP-də parçalanma Türkiyə siyasətində qüvvələr balansını dəyişəcək"
  • "91 deputatın ayrılması prezident seçkilərinin ssenarisini dəyişə bilər"

Özgür Özəllə birlikdə 91 millət vəkilinin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq YENİ Partiyaya keçməsi Türkiyə Böyük Millət Məclisində siyasi qüvvələr nisbətini dəyişib.

Yeni bölgüyə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 277 deputatla birinci yerdə qalıb, YENİ Partiya 91 mandatla əsas müxalifət statusunu qazanıb. Ardınca DEM Partiyası (56), MHP (46) və CHP (44) qərarlaşıb. Beləliklə, CHP parlamentdə ikinci yerdən beşinci yerə enib.

Yeni mandat bölgüsünün parlament komissiyalarının, sədr müavinliklərinin və digər rəhbər vəzifələrin yenidən formalaşdırılmasına səbəb olacağı gözlənilir. Məlumata görə, CHP artıq iki deyil, yalnız bir qrup sədr müavini ilə təmsil olunacaq. Həmçinin Kamal Kılıçdaroğlu millət vəkili olmadığı üçün partiyada yeni qrup sədri seçkiləri keçiriləcək. Bu vəzifəyə əsas namizədlərdən biri kimi Faik Öztrak-ın adı çəkilir.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a baş verən dəyişikliklərin prezident seçkilərinə, parlament fəaliyyətinə və müxalifətin strategiyasına necə təsir göstərə biləcəyindən danışıb: 

"Türkiyədə müxalifət yenidən formalaşır. Mustafa Kamal Atatürkün qurduğu və türk millətinə əmanət etdiyi Cümhuriyyət Xalq Partiyasından (CHP) 91 millət vəkilinin ayrılaraq Özgür Özəlin rəhbərliyi ilə YENİ Partiyaya keçməsi, Türkiyə Böyük Millət Məclisindəki (TBMM) siyasi qüvvələr balansını dəyişdirir.

Əslində, siyasi baxımdan ən mühüm dəyişiklik müxalifətin mərkəzinin CHP-dən yeni partiyaya keçməsi olacaq. Bu, təkcə TBMM-dəki siyasi səs balansını deyil, həm də prezident seçkiləri, ittifaq danışıqları və müxalifətin ortaq namizəd strategiyasını yenidən formalaşdırmaq ehtimalını gündəmə gətirə bilər.

Yeni partiya Məclisdə əsas müxalifət statusunu üzərinə götürəcək və müxalifətin liderliyi yenidən formalaşacaq.

Bu halda CHP-də millət vəkillərinin sayının 44-ə enməsi həm partiyanın siyasi çəkisini, həm də Məclisdəki təmsilçilik gücünü əhəmiyyətli dərəcədə azaldacaq".

Analitik CHP-nin ikinci dəfə partiya rəhbərliyi, növbədənkənar qurultay və liderlik müzakirələri ilə üz-üzə qala biləcəyini qeyd edib:

"Bu vəziyyət, TBMM-dəki komissiyaların balansına da təsir göstərəcək.

Məclisdə komissiya üzvlükləri, qrup sədr müavinlərinin sayı və müxtəlif inzibati vəzifələr millət vəkillərinin sayına uyğun olaraq yenidən bölüşdürüləcək.

Yeni əsas müxalifət partiyası nəzarət mexanizmlərində daha çox söz sahibi ola bilər.

Cümhur İttifaqı - AKP və MHP qarşılarında tək bir böyük müxalifət əvəzinə yenidən formalaşan bir müxalifət bloku görəcək.

Bu vəziyyət qanunvericilik proseslərində və siyasi danışıqlarda yeni dinamikaları da hərəkətə gətirə bilər.

CHP-dəki parçalanmanın seçici davranışlarına da təsir edəcəyini ehtimal etmək olar.

CHP-də baş verən böyük parçalanma, müxalifətin yenidən formalaşması və siyasi legitimlik müzakirələri səbəbindən növbədənkənar seçki çağırışlarını artıra bilər".

Mütəxəssis millət vəkillərinin partiya dəyişməsinin növbədənkənar seçkini zəruri etməyəcəyini bildirib:

"CHP-dən ayrılmalar və yeni partiyanın yaradılması Türkiyədə əsas müxalifətin yenidən formalaşdığı nəticəsini ortaya çıxarıb".