- "Qanunun gedişatı onsuz da bu şəkildədir. Baxçalı yəqin ki, ictimaiyyətə yönəlik sakitləşdirici mesajlar verir"
PKK-nın tərksilah edilməsi və terror fəaliyyətinə son qoyması ilə bağlı Türkiyədə müzakirələr davam edir. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK-nın qeyd-şərtsiz tərksilah olmasının və silahlarını təhvil verməsinin vacibliyini vurğulayıb. O, bundan sonrakı mərhələdə hüquqi və inzibati tənzimləmələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib. Proses çərçivəsində isə terrorla əlaqəli şəxslərin hüquqi statusu, onların cəmiyyətə reinteqrasiyası və mümkün qanun dəyişiklikləri də müzakirə olunur.
Politoloq Engin Özer Sherg.az-a bu qanun təklifinin əslində yarı bir amnistiya təklifi olduğunu deyib:
"Lakin amnistiya yalnız PKK terror təşkilatı ilə əlaqəsi olan, öldürmə, yaralama və ya bombalama əməliyyatına cəlb olunmamış, hər hansı aksiya həyata keçirməmiş terrorçuları əhatə edir. Bu terrorçular şərti olaraq azad edilərək Türkiyə cəmiyyətinə inteqrasiyası nəzərdə tutulur.
Bu qanun qəbul edildikdən sonra Dövlət Baxçalının dediyi kimi, ilk növbədə PKK-nın silahlarını tamamilə yerə qoyduğuna və terror fəaliyyətinə son qoyacağının zəmanətinin alınması lazımdır. Bu məsələ ilə bağlı qanun da artıq mərhələli şəkildə qüvvəyə minəcək.
Buna nəzarətu Prezident Administrasiyası və MİT həyata keçirəcək. Ondan sonrakı mərhələdə bəzi qanun dəyişiklikləri və mədəni hüquqlar kimi, kürdlərə müəyyən xüsusi hüquqlar tanınacaq".
Analitik qeyd edib ki, Dövlət Baxçalının söylədiyi yeni bir şey deyil:
"Qanunun gedişatı onsuz da bu şəkildədir. O, yəqin ki, ictimaiyyətə yönəlik sakitləşdirici mesajlar verir. Bəli, bu, çətin bir prosesdir. Bu, çox təhlükəli bir mərhələyə də çevrilə bilər. Belə bir risk də var.
Ona görə də proses bir qədər daha məlumatlı şəkildə, daha yaxşı araşdırılaraq və emosional reaksiya vermədən aparılmalıdır. Baxçalının burada etmək istədiyi sadəcə insanların PKK tamamilə silahı yerə qoymadan hər hansı bir güzəştin verilməyəcəyini görməsini təmin etməkdir".