Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb - Baxçalı

“Əsrlər əvvəl olduğu kimi dövlətimizin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, “Terrorsuz Türkiyə” hədəfi qarşıda duran tarixi fürsət qapısıdır:

"Türkiyə və region ölkələrinin davamlı və inklüziv sülhə qovuşması ilk növbədə həmrəylik, qarşılıqlı yardım, eyni qibləyə yönəlmək və eyni sırada birləşməyin bənzərsiz mükafatı və mübarizəsi ilə mümkün olacaq.

Səlcuqlu dövlətinin bayrağındakı iki istiqamətə baxan qoşabaşlı qartaldan Osmanlı dövləti və Türkiyə Cümhuriyyətinə miras qalan strateji baxış hamımıza yol göstərməlidir. Bu, bir caynağı ilə Qərbi, digəri ilə Şərqi tutan və üç qitədə geniş coğrafiyanı qoruyucu qanadları altına alan əxlaq və nəciblik rəmzidir.

Sonsuza qədər mövcud olacaq Türkiyə məhz bu baxışdan doğulacaq. Bütün bunlar dünyaya yalnız paytaxt Ankaradan baxaraq həyata keçiriləcək”.