- Zaman Rusiyanın xeyrinə işləyir. Çünki Amerikanın və Qərbin Körfəzdə apardığı müharibə həm Ukraynaya silah tədarükünü azaltdı, həm də dünyanın bütün diqqətini İran və Körfəz bölgəsinə yönəltdi
Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibə fonunda cəbhədə vəziyyət dəyişkən olaraq qalır. Tərəflər qarşılıqlı raket, pilotsuz uçuş aparatı (PUA) və digər zərbə vasitələrindən istifadə etməklə hücumlarını davam etdirirlər. Müharibənin hazırkı mərhələsi, tərəflərin hərbi imkanları, Qara dənizdəki vəziyyət və beynəlxalq proseslərin münaqişəyə təsiri ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir.
Mövcud vəziyyətlə bağlı xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-la bölüşüb:

"Ukraynanın müharibəni qazanacağına dair hər hansı bir inkişafdan söhbət getmir. Çünki Rusiya Ukrayna ərazilərinin mühüm bir hissəsini, dörd bölgəni təkcə işğal etməklə kifayətlənməyib, eyni zamanda onları ilhaq edib.
Onları Rusiyanın sərhədlərinə daxil edib. Buna görə də hazırda tərəflərin bir-birinə qarşı həyata keçirdiyi raket və PUA hücumlarına baxaraq müharibənin nəticəsi barədə proqnoz vermək demək olar ki, mümkün deyil.
Mövcud vəziyyətdə Rusiya Ukraynanın Qara dənizdəki limanlarını, başda Odessa olmaqla, tamamilə istifadəyə yararsız hala gətirməyə çalışır.
Buna görə də Rusiyanın raketlərlə həyata keçirdiyi bu hücumlar Ukraynanın dənizlə əlaqəsini kəsməyi hədəfləyir. Bu isə iki məna daşıyır.
Rusiyanın bu fəaliyyəti nəticəsində dəniz yolu ilə Ukraynaya həyata keçirilən silah və sursat tədarükündə durğunluq yaranacaq".
Analitik qeyd esib ki, bunun əvəzində quru sərhədləri daha çox əhəmiyyət qazanacaq:
"Ukraynanın Qara dəniz limanları vasitəsilə həyata keçirdiyi ixracat, başda taxıl və bəzi qiymətli materiallar, minerallar olmaqla, dayandırılacaq. Buradan da Ukrayna iqtisadiyyatının zərər görəcəyini söyləməyimiz mümkündür.
Buna görə də hazırkı vəziyyət belədir. Ukrayna Fransa və İngiltərənin dəstəyi ilə PUA və SİHA hücumları vasitəsilə Rusiyanın daxilindəki hədəfləri də çox rahat şəkildə vura bilir.
Məsafə fərqinə baxmayaraq, xüsusilə enerji obyektlərinə və pərakəndə satış məntəqələrinə hücumlar təşkil etmək qabiliyyətinə malikdir. Bu da, əlbəttə ki, həm Rusiyanın imicinə zərbə vurur, həm də Moskvanın enerji böhranı yaşamasına səbəb olur.
Cavab olaraq isə Rusiya Ukraynanın Qara dəniz limanlarını hədəfə alır.
Buna görə də bu toqquşmalar zaman-zaman şiddətlənəcək, zaman-zaman isə azalacaq.
Yaxın gələcəkdə sülhə dair hər hansı bir ümid görünmür".
Politoloq vuröulayıb ki, Rusiyanın tələbləri ilə Ukraynanın tələbləri arasında uzlaşması mümkün olmayan çox böyük fərq var:
"Lakin hazırda zaman Rusiyanın xeyrinə işləyir. Çünki Amerikanın və Qərbin Körfəzdə apardığı müharibə həm Ukraynaya silah tədarükünü azaltdı, həm də dünyanın bütün diqqətini İran və Körfəz bölgəsinə yönəltdi. Buna görə də Ukraynanın qalib gələcəyinə dair ən kiçik işıq, hətta bir əlamət belə yoxdur. Bu, qətidir".