“Xəzər artıq ayıran deyil, birləşdirən mərkəzdir” - Ekspertdən Əliyevin səfərinə mühüm qiymət

  • Dr. Ömər Faruk Karaman: Əliyevin Özbəkistan səfəri Türk dünyasının yeni mərhələyə keçidini göstərir

Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən münasibətlər türk dünyasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi fonunda xüsusi əhəmiyyət qazanır.

İki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsi ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı türk dövlətləri arasında qarşılıqlı əlaqələrin daha sistemli xarakter almasını da göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri Bakı-Daşkənd münasibətlərinin mövcud vəziyyəti və türk dünyasında gedən proseslər baxımından diqqət çəkir. 

Çanaqqala On Səkkiz Mart Universitetinin akademik heyyət üzvü, siyasi elmlər üzrə mütəxəssis Dr. Ömər Faruk Karaman Sherg.az-a Azərbaycan prezidentinin Özbəkistana dövlət səfərindən və bu səfərin türk dünyasına təsirindən danışıb: 

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana həyata keçirdiyi son səfər yalnız Bakı-Daşkənd münasibətləri baxımından deyil, türk dünyasında son illərdə baş verən daha geniş transformasiya baxımından da əhəmiyyətlidir. İki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi və dövlət başçıları arasındakı təmasların institusional xarakter alması Azərbaycan-Özbəkistan xəttinin türk dünyasının mühüm oxlarından birinə çevrildiyini göstərir.

Burada əsas diqqət yetirilməli məqam türk dünyasının getdikcə bir “kimlik məkanı” olmaqdan çıxaraq, eyni zamanda “maraq və əməkdaşlıq məkanı”na çevrilməsidir. 1990-cı illərdə yeni müstəqilliklərini əldə edən türk respublikaları ilk növbədə öz dövlət strukturlarını və iqtisadiyyatlarını gücləndirməyə çalışırdılar. Bu səbəbdən türk dünyası ideyası uzun müddət tarix, dil və mədəniyyət ortaqlığının önə çıxdığı bir çərçivədə inkişaf etdi. Bu gün isə fərqli bir mərhələyə keçildiyini görürük". 

Analitik bildirib ki, Türk Dövlətləri Təşkilatının institusionallaşması, liderlər arasındakı təmasların intensivləşməsi, qarşılıqlı investisiyaların artması və nəqliyyat layihələrinin inkişaf etdirilməsi bu dəyişimin konkret göstəriciləridir: 

"Azərbaycan ilə Özbəkistan arasındakı yaxınlaşma da bunun ən bariz nümunələrindən biridir.

Bu münasibətlərdə iki ölkənin coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzərin qərbində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində türk dünyasının iki mühüm ağırlıq nöqtəsidir. Dolayısıyla Bakı-Daşkənd münasibətlərinin güclənməsi iki dövlət arasındakı əməkdaşlıqla yanaşı Türkiyə-Cənubi Qafqaz-Xəzər-Mərkəzi Asiya xəttindəki əlaqələri də gücləndirir.

Xüsusilə Orta Dəhliz bu prosesə iqtisadi və geosiyasi məzmun qazandırır. Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyə və Avropaya uzanan nəqliyyat şəbəkələrinin inkişafı ilə türk dövlətləri arasındakı coğrafi yaxınlıq iqtisadi dəyərə çevrilir. Bu baxımdan Xəzər artıq türk dünyasını ayıran məkan olmaqdan çox, onu bir-birinə bağlayan strateji mərkəz olur.

Azərbaycanın buradakı rolu da xüsusi əhəmiyyət daşıyır. Qarabağ məsələsinin həllindən sonra Bakı xarici siyasətində Mərkəzi Asiyaya daha geniş strateji perspektivdən yanaşır. Azərbaycan bu gün özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Türkiyə ilə Mərkəzi Asiya arasındakı iqtisadi, siyasi və nəqliyyat əlaqələrinin əsas həlqələrindən biri kimi mövqeləndirir.

Özbəkistan isə əhalisi, iqtisadi potensialı və Mərkəzi Asiyanın mərkəzindəki mövqeyi səbəbindən türk dünyasının gələcəyi baxımından əvəzolunmaz ölkələrdən biridir". 

Ekspert qeyd edib ki, Mirziyoyev dövründə Özbəkistanın həm Mərkəzi Asiya daxilində əməkdaşlığa, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərə daha çox önəm verməsi türk dünyasının institusionallaşmasına mühüm təkan verib: 

"Qarabağın yenidən qurulmasında Özbəkistanın göstərdiyi həmrəylik də Bakı-Daşkənd münasibətlərinin xarakterini göstərməsi baxımından əhəmiyyətlidir. 

Özbəkistanın Füzulidə məktəb inşa etməsi türk dünyasındakı həmrəyliyin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, zərurət yarandıqda konkret addımlara çevrilə bildiyini göstərib.

Bununla belə, türk dünyasının inkişafını romantikləşdirmək olmaz. Türk dövlətlərinin iqtisadi strukturları, xarici siyasət prioritetləri və beynəlxalq münasibətləri bir-birindən fərqlidir. Qısa müddətdə Avropa İttifaqına bənzər bir inteqrasiya gözləmək real deyil. Onsuz da türk dünyasının uğuru belə bir modelin kopyalanmasından asılı deyil.

Əsas məsələ ortaq tarix və mədəniyyətin ortaq maraqlara çevrilə bilməsidir. Ticarətin artırılması, nəqliyyat dəhlizlərinin bir-birinə bağlanması, qarşılıqlı investisiyaların çoxaldılması və Türk Dövlətləri Təşkilatı kimi qurumların effektivliyinin gücləndirilməsi uzunmüddətli perspektivdə daha möhkəm birlik yaradacaq.

Bu baxımdan Əliyevin Özbəkistana səfəri adi ikitərəfli diplomatik təmas kimi qiymətləndirilməməlidir". 

Mütəxəssis vurğulayıb ki, Bakı-Daşkənd xəttindəki yaxınlaşma Xəzərin iki sahilinin getdikcə bir-birinə yaxınlaşmasının və türk dünyasının öz daxilində daha sıx siyasi, iqtisadi şəbəkə formalaşdırmasının göstəricisidir: 

"Türk dünyasının son otuz ildəki ən mühüm transformasiyası da məhz burada özünü göstərir. 1990-cı illərdə böyük ölçüdə ortaq keçmiş üzərindən müəyyənləşən türk dünyası bu gün ortaq gələcək və ortaq maraqlar əsasında formalaşmağa başlayır.

Əliyevin Özbəkistana səfəri bu transformasiyanın güclü nümunələrindən biridir. Türk dünyasının XXI əsrdəki real gücü yalnız ortaq köklərindən deyil, bu tarixi yaxınlığı iqtisadi əməkdaşlığa, nəqliyyat əlaqələrinə, qarşılıqlı investisiyalara və ortaq strateji potensiala çevirə bilməsindən qaynaqlanacaq".