Zaxarova: Almaniya Kiyev vasitəsilə apardığı aqressiv müharibəni dayandırmalıdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Almaniyanı Ukrayna münaqişəsinə müdaxiləni dayandırmağa çağırıb.

Sherg.az xəbər verir ki, o, Telegram kanalında yazıb ki, Berlin artıq “Kiyev rejimi vasitəsilə apardığı aqressiv müharibəyə” son qoymalıdır.

Zaxarovanın bu açıqlaması Almaniyanın Rusiyadakı səfirliyinin ölkənin yanacaq bazarındakı vəziyyətlə bağlı paylaşımına cavab olaraq səslənib. Alman diplomatları vəziyyəti Ukraynada aparılan hərbi əməliyyatlarla əlaqələndirərək döyüşlərin dayandırılmasının vacibliyini vurğulayıblar.

Rusiya XİN sözçüsü bildirib ki, bu fikirlə qismən razıdır:

“Biz də hesab edirik ki, Berlin Kiyev rejimi vasitəsilə apardığı aqressiv müharibəni dayandırmalıdır. Narahatlıq keçirən alman diplomatlar isə ictimai nəqliyyatdan istifadə edib Böyük Vətən Müharibəsinin necə başa çatdığını və banderovçuların kim olduğunu öyrənə bilərlər”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürüldüyü bildirilən 27 maddəlik sülh planını qəbul etmədiyi barədə məlumatlar yayılmışdı. Moskva bunu Kiyevin münaqişənin başa çatmasında maraqlı olmadığının göstəricisi kimi qiymətləndirib.