Zelenski Xəzərə hücum etməklə Trampı yenidən öz tərəfinə çəkdi - Hasan Oktay

  • "Tehranın hələ də sülh üçün şansı var, əks halda vəziyyət ağırlaşacaq"

Trampın Ukrayna siyasəti beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Onun Avropa ilə münasibətlərə yanaşması və Ukrayna Prezidenti Vladimir Zelenski ilə təmasları da diqqətlə izlənilir. Eyni zamanda, Rusiyaya qarşı həyata keçirilən əməliyyatlar, eləcə də İran ətrafında formalaşan diplomatik və hərbi dinamika mövcud beynəlxalq nizamın gələcək istiqamətlərinə dair müxtəlif qiymətləndirmələrə səbəb olub.

Bu hadisələrin fonunda Ağ Evdə Donald Trampla Vladimir Zelenski arasında görüşdən sonra Tramp danışıqları yüksək qiymətləndirərək Ukrayna Prezidenti ilə görüşməyin onun üçün böyük şərəf olduğunu bildirib. O, həmçinin müzakirələrin çox yaxşı keçdiyini vurğulayıb. Bu açıqlama tərəflər arasında münasibətlərin hazırkı mərhələsinə dair diqqət çəkən mesajlardan biri kimi qiymətləndirilir.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a ABŞ-Ukrayna və İran münasibətlərindən danışıb:

"Tramp seçki prosesi zamanı və hakimiyyətə gəldikdən sonra dedi ki, Ukrayna problemini bitirəcəyəm. Hətta sülh yaradacağını iddia etdi və Putinlə bir araya gəldi.

Amma mən israrla deyirdim ki, Tramp ağıllı davranaraq Rusiya-Ukrayna məsələsində kənara çəkiləcək. Avropa ilə Rusiyanı bu məsələdə üz-üzə qoyacaq. O, bunu etdi. Avropa üzərindəki NATO-nun təhlükəsizlik çətirini aradan qaldırdı. Avropa İttifaqını ciddi şəkildə Rusiya ilə qarşı-qarşıya gətirdi.

Buna baxmayaraq, Ukrayna Prezidenti Zelenski Trampın bu müdaxiləsinə ciddi şəkildə müqavimət göstərdi. Zelenski ilə əvvəlki görüşündə Tramp ona bir çox təhqiramiz ifadələr işlətdi. Lakin bu gün gəldiyimiz nöqtədə ABŞ-də Tramp ilə Zelenski görüşərkən Ukraynaya neft hasilatı məsələsində dəstək veriləcəyi ifadə olundu".

Analitik vurğulayıb ki, bu da Avropa İttifaqının prosesdə ABŞ ilə ciddi emosional qırılmalar yaşamasına səbəb olan Tramp müdaxilələrindən biri idi:

"Zelenski çox ağıllı şəkildə son bir ay ərzində, Rusiyanı neftə çıxış məsələsində çox güclü şəkildə vurdu və onu tamamilə sarsıtdı. Bunun ardınca, Rusiya-İran münasibətləri də nəzərə alınaraq, Ukrayna vasitəsilə Xəzər dənizində İrana məxsus bir ticarət gəmisi vuruldu və İran psixoloji baxımdan tamamilə sarsıldı. Halbuki İran rəsmiləri ABŞ-də Netanyahu məsələsinə dair 14 maddəlik ilkin protokolun birinci maddəsi kimi Netanyahunun vəzifədən uzaqlaşdırılmasını daxil etsəydilər, bu müharibənin bu nöqtəyə qədər gəlib çıxması böyük ehtimalla mümkün olmazdı.

Yəni Netanyahu getsəydi, Xameneiyə qarşı Netanyahu ilə müəyyən bir tarazlıq yaranacaqdı. Tramp daxil olmaq niyyətində olmadığı İrandan sanki qələbə qazanmış kimi geri çəkilərkən, əslində Tehrana qələbəni gümüş nimçədə təqdim etmiş olacaqdı.

Məhz İran rəsmilərinin bu məsələdə tərəddüdləri, prosesə Moskvanın da daxil olması istər-istəməz Ukraynanın Rusiyanın daxili ərazilərinə qədər dron hücumları həyata keçirməsinin və Xəzər dənizinə müdaxilə etməsinin qarşısını açmış oldu". 

Politoloq bildirib ki, Zelenski özünü və Ukrayna ərazilərini xilas edə bilmək üçün ABŞ-nin İran strategiyasına müdaxilə edən Çin və Rusiyaya qarşı Xəzərə hücum edərək müəyyən mənada mövqe tutdu: 

"Zelenski bununla da ABŞ-ni yenidən Ukrayna məsələsində öz tərəfinə çəkməyi bacardı. Tehranın hələ də sülh əldə etmək imkanı var. Əks halda, mövcud gedişat İran və onun siyasi sistemi baxımından çox da sağlam olmayacaq".