Fransanın paytaxtı Parisdə Ukraynaya dəstəyi müzakirə etmək məqsədilə “İstəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin sammiti keçirilir.
Sherg.az xəbər verir ki, tədbirdə 25 dövlət və hökumət başçısı iştirak edir. Müzakirələrin əsas mövzuları Ukraynaya hərbi yardımın davam etdirilməsi, hava hücumundan müdafiə sistemlərinin tədarükü və mümkün atəşkəs halında təhlükəsizlik təminatlarıdır.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada döyüşlərin dayanacağı təqdirdə çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı planlar hazırlanıb. Bununla yanaşı, o qeyd edib ki, vəziyyətin inkişafından asılı olaraq bu planlara dəyişiklik edilə bilər.
Sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin də Parisdə keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulur. Onun Fransanın Milli Bayramı münasibətilə təşkil edilən hərbi paradda iştirak etməsi isə ölkədə birmənalı qarşılanmayıb və bəzi siyasi dairələrdə müzakirələrə səbəb olub.