Vaşinqtondan verilən mesaj açıqdır, dəhliz işə düşür, proses geri dönməzdir
ABŞ-dəki Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan "Tramp Marşrutu" (Zəngəzur dəhlizi – red.) təşəbbüsünə - "TRIPP" layihəsinə həsr olunmuş dəyirmi masada iştirak ediblər. Tədbirdə Vaşinqtonda Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, həmçinin ABŞ hökumətinin yüksək rütbəli nümayəndələri və biznes nümayəndələri də iştirak ediblər. Görüş zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyu ABŞ-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolunu müzakirə ediblər. ABŞ Dövlət Departamentinin İdarəetmə İdarəsinin direktoru və sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla bildirib ki, ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında avqustda əldə edilmiş sülh razılaşması tarixi irəliləyişi təmin edib. Onun sözlərinə görə, TRIPP bu razılaşmanın dayanıqlığını təmin etmək, tranzit marşrutunu ümumi rifahın mühərrikinə çevirmək üsuludur. 

Xəzər İbrahim qeyd edib ki, cari ilin avqustunda Vaşinqtonda liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb: "Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini irəli sürür, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qurur. Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsini uğurlu həyata keçirmək vacibdir". Ermənistan səfiri vurğulayıb ki, TRIPP təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalı olacaq: "Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşılıqlı əlaqəni, eləcə də müzakirələrin konkret inkişaf layihələrinə keçməsi faktını alqışlayıram. Belə praktiki əməkdaşlıq real iqtisadi və sosial nəticələrə nail olmaq üçün vacibdir". 
Görüşü "Şərq"ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bu cür təmasların çox önəmli olduğunu söyləyib. Deputat xatırladıb ki, 8 avqust tarixində Vaşinqtonda imzalanan sənədlərdə "TRİİP" layihəsi barədə geniş və ətraflı bəhs olunub: "Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin sürətləndirilməsinə ciddi ehtiyac var. Vaşinqtonda keçirilən diplomatların görüşünə təkcə Azərbaycan və Ermənistan yox, Orta Asiya respublikalarının səfirlərinin də qatılması, birgə müzakirələr çox önəmlidir. Çünki biz bu gün bir sıra region ölkələrindən təhdidlər görürük. O baxımdan birgə görüş və müzakirələr regional və kənar təhdidlərin qarşısının alınması cəhətdən də vacibdir. Təbii ki, təmasların intensivləşməsi ümumi prosesə müsbət təsirini göstərəcək. Dəhlizin fəaliyyətə başlayacağına heç kimin şübhəsi olmamalıdır. Zəngəzur dəhlizi mütləq açılacaq. Heç kim buna mane ola bilməz. Bütün hallarda birgə müzakirələrə, fikir mübadiləsinə də böyük ehtiyac var".