- TRIPP-də son maneə Ermənistan ərazisindədir. Proses aktivləşən kimi Azərbaycan sürətlə tamamlayacaq
Ermənistanın son açıqlamaları göstərir ki, TRIPP layihəsinin reallaşması ilə bağlı proses hələ ilkin hazırlıq mərhələsindədir. Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi yerli medianın yazılı sorğusuna cavabında bildirib ki, marşrutun dəqiq parametrləri, texniki xüsusiyyətləri və layihənin dəyəri hələ müəyyənləşdirilməyib, hazırda araşdırma, hesablamalar və mühəndis-axtarış işləri aparılır. Qriqoryan tədqiqatın ilkin variantının yaxın vaxtlarda hazırlanacağını bəyan edib.
Bu vəziyyət layihənin icrası baxımından müəyyən suallar yaradır. TRIPP layihəsi böyük geosiyasi iddialarla təqdim olunsa da, marşrutun konkret xətti və texniki göstəriciləri tam müəyyənləşməyib.
Burada Azərbaycanla Ermənistanın hazırkı vəziyyəti arasında fərq də diqqət çəkir. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturu ilə bağlı işləri sürətlə davam etdirir və proses artıq yekunlaşma mərhələsinə yaxınlaşır. Ermənistan tərəfində isə hələ əsas texniki məsələlərin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Ekspertlərin qənaətinə görə, Ermənistanın prosesdəki ləngiməsi yalnız texniki hazırlıqla izah olunmaya bilər. Layihənin reallaşması üçün həm daxili qərarların sürətləndirilməsi, həm də regiondakı əsas aktorların mövqelərinin nəzərə alınması tələb olunur. Yəni TRIPP-in reallaşmasında Ermənistanın texniki və maliyyə hazırlığından əlavə İranın layihəyə açıq etirazı və Rusiyanın Cənubi Qafqazdakı nəqliyyat layihələrində öz maraqlarını qorumaq istəyi prosesə əlavə geosiyasi yük gətirir.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, 8 avqust 2025 Vaşinqton sazişindən sonra TRIPP layihəsi elan olundu və ötən bir il ərzində layihə ətrafında əsasən müzakirələr, fikir mübadiləsi aparılıb:
“Xüsusilə seçki prosesinin öncəsində TRIPP-ə maraq və müzakirələr daha da intensivləşmişdi. Seçkidən sonra isə Amerikanın mühəndis-konsaltinq şirkəti AECOM tərəfindən ərazidə ilkin mühəndis-axtarış işlərinə başlanılıb və TRIPP layihəsi üzrə praktiki işlərə artıq start verilib. Yəni hər hansı bir layihənin ilkin olaraq çöl-ölçmə işləri olunur, geoloji tədqiqatlar aparılır, geodezik və topoqrafik ölçmələr, geoloji tədqiqatlar, relyefin öyrənilməsi və digər mühəndis-axtarış işləri aparılır. Bunlara mühəndis-axtarış işləri deyilir və layihənin texniki əsaslarının formalaşdırılması baxımından mühüm mərhələ hesab olunur”.
Rauf Ağamirzəyevin fikrincə, TRIPP üzrə mühəndis-axtarış işlərinə başlanılması layihənin artıq praktiki mərhələyə keçdiyini göstərir. O hesab edir ki, ilkin tikinti işləri də məhz bu ilin sonuna qədər başlamalıdır:
“TRIPP layihəsi ətrafında əsasən siyasi müzakirələr getsə də, onun reallaşacağına inanıram. Zəngəzur dəhlizi tamlığı ilə fəaliyyətə başlayacaq. Bunun üçün Azərbaycan, Ermənistan və Türkiyə istiqamətlərində müxtəlif seqmentlər üzrə işlər davam etdirilir. Azərbaycan tərəfindən Horadiz-Ağbənd layihəsi demək olar ki, tamamlanıb. Hazırda yalnız TRIPP ilə əlaqələnəcək olan hissələrdə işlər zəif gedir, o tərəfdə aktivləşən kimi bizim tərəfdə sürətlə onu icra edəcək. Yəni Ermənistan tərəfində prosesin aktivləşməsi ilə Azərbaycanın öz ərazisində qalan işləri də qısa müddətdə başa çatdıracağı bildirilir”.
Mütəxəssis Naxçıvan istiqamətində də işlərin aparıldığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan sərhədinə qədər olan hissədə işlərə ötən ilin sonundan başlanılıb: “Naxçıvan ərazisində ümumi dəmir yolunun modernləşdirilməsi layihəsinə də start verilib və bu istiqamətdə gələcəkdə xarici şirkətlərlə əməkdaşlığın mümkünlüyü nəzərdən keçirilir. Həmçinin Türkiyə tərəfindən işlər aktiv olaraq icra olunur və 2029-cu ilə qədər bu işlərin bitməsi nəzərdə tutulub. Yəni dəhlizin bütün seqmentləri üzrə iş görülürsə, yerdə qalan 43 km də məntiqlə icra olunacaq. Siyasi ritorika fərqli ola bilər, dəyişə bilər, amma hər şeyə rəğmən düşünürəm ki, layihə tikilib istifadəyə veriləcək”.
Rauf Ağamirzəyev həmçinin qeyd edib ki, TRIPP yalnız avtomobil və dəmir yolundan ibarət layihə deyil. Buraya enerji xətləri, fiber-optik və internet kabelləri, perspektivdə isə neft və qaz kəmərləri kimi müxtəlif infrastruktur komponentlərinin daxil edilməsi nəzərdə tutulur: “Hazırda əsas diqqət dəmir yolu bağlantısına yönəlsə də, növbəti mərhələdə avtomobil yolunun tikintisinin də həyata keçirilməsi planlaşdırılır. Bu baxımdan TRIPP-in yalnız nəqliyyat layihəsi deyil, gələcəkdə regionun enerji və rəqəmsal bağlantılarını da əhatə edən çoxşaxəli infrastruktur xəttinə çevrilməsi gözlənilir”.