Güclü sel Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə fəsadlar yaradıb - FOTO


Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşağıdı Kirəc Muğanlı kəndinə güclü seldən ciddi ziyan dəyib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, son günlər yağan aramsız yağışlar nəticəsində kəndin yolları, əkin sahələri və yaşayış evlərinin zirzəmiləri su altında qalıb.





Kənd sakinləri bildiriblər ki, selin yaratdığı fəsadlarla hər il üzləşirlər. Onların sözlərinə görə, buna səbəb kəndin drenaj sisteminin yararsız olmasıdır. Sakinlər bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem bu günə qədər həll olunmamış qalır.

Kəndə cəlb olunan xüsusi texnika yolları artıq təmizləyib. Sakinlər evlərin həyətlərinin də təmizlənməsini tələb edirlər.

Marneuli rayonunun rəhbəri Zaur Darğallı Kirəc Muğanlı kəndinə baş çəkərək, təbii fəlakətin yaratdığı problemlərlə tanış olub.

O, bildirib ki, güclü selin fəsadlarının aradan qaldırılması üçün əlavə köməyin göstərilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.