Buna tibdə həşərat sancmasının yaratdığı allergik reaksiya deyilir
Əgər həmin anda ona decsometazon, adrenarin, kalsixlor… vurulsaydı, dərhal tədbir görülsəydi, həyatı xilas olacaqdı
Yayın təhlükələri sırasında ilan sancmaları, qida zəhərlənmələri, günvurma, dənizdə boğulma ilə yanaşı arı sancmaları da var. Hətta aparılan araşdırmalar insanların ilan sancmalarından daha çox arı sancmalarından dünyasını dəyişdiyini təsdiq edir. Deməli, arılar heç də həmişə insanlara ən xeyirli qida – bal deyil, ölüm də “hədiyyə” edirlər. Bədbəxt hadisələrdən biri Tovuz rayonunda baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbin müəllimi, 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında arı sancmalarının həqiqətən çox təhlükəli olduğunu dedi:
- Görünür, bu adam əvvəllər arı sancmasına məruz qalıb. Buna tibdə həşərat sancmasının yaratdığı allergik reaksiya deyilir. Dünyada hər 100 min əhalidən 3-5 nəfərdə bu, ola bilir. Tək-tük adamlar arı sancmasından ölə bilir. Arı allergiyası ən dəhşətli allergiyadır. Mərhum əvvəlcə 1-2 dəfə arı sancmasına məruz qaldığı üçün növbəti sancma onda ani, ildırım sürətli anafilaktik şok effekti yaradıb. Əgər həmin anda ona decsometazon, adrenarin, kalsixlor… vurulsaydı, dərhal tədbir görülsəydi, həyatı xilas olacaqdı. Bir tanışım var, həmişə özüylə decsametazon götürür. El arasında arı sancarkən qızaran nahiyəyə palçıq sürtmək, paslanmış alət qoymaq kimi üsullardan istifadə olunur. Bunlar hamısı boş şeydi. Yalnız tibbi müdaxilə mütləq edilməlidir.
Tibbi mənbələrdə isə arı sancması ilə bağlı bunlar qeyd edilir:
Yaz və yay aylarında güllərin, çiçəklərin açması, ağacların bar verməyə hazırlaşması onların ətrafında həşəratların yığılmasına səbəb olur. Bu həşəratlar arasında arılar da olur. Arılar insanlar üçün qorxulu sayıldıqlarına görə ən çox da onların həyatı təhlükə qarşısında qalır. Belə ki, arı sancmasından qorxan insanlar arıları öldürməyə çalışırlar.
Arı sancması nadir hallarda ölümə səbəb ola bilir. Arı sancmasının orqanizmə təsiri adətən yerli olur. Bəs arı sancan zaman nə etmək lazımdır?
İmmunitet.az bildirir ki, mütəxəssislər arıların çox olduğu yerlərdə yaşayan insanlara bədənlərini örtən paltar geyməyi məsləhət bilirlər. Mütəxəssislər hətta, üstünə arı qonan meyvəni yeməyi məsləhət bilmirlər. Çünki arının tikanı orada olar və ağız boşluğunda xoşagəlməz hadisələr baş verə bilər. Amma əgər sizi arı sancıbsa, o zaman qorxmağa səbəb yoxdur. Düzdür, dediklərimizin arı və arı məhsullarına qarşı allergiyası olan adamlara dəxli yoxdur. Çünki belə adamlarda anafilaktik şok baş verə bilir. Onları arı vuran kimi təcili həkimə çatdırmaq lazımdır. Allergiyası olmayan adamların isə qorxmalarına ehtiyac yoxdur. Onlar ilk növbədə arının tikanının dəridə qalıb-qalmamasına diqqət yetirməli və əgər tikan qalıbsa, onu pinset vasitəsilə çıxarmalıdırlar. Həmin yerə düşən arı zəhərini sıxıb çıxarmağa çalışmayın, yara yeri genişlənə və oraya infeksiya düşə bilər. Arı sancan yeri yod və ya spirtli pambıqla silmək kifayətdir. Soyuq buz qoymaq arı sancan yerin şişməməsinə səbəb olur. Buz qoyduqda arının zəhəri orqanizm tərəfindən gec mənimsənilir və yerli əlamətlər az olur.
Arı sancması zamanı həkim müdaxiləsinədək əlinizin altında olan vasitələrdən istifadə edə bilərsiniz. Sarımsağı doğrayıb, əzib arı sancan yerə sürtün. Lavanda yağı da yaxşı kömək edə bilər.
Soğanı ortadan bölüb sulu qismini arı sancmış nahiyənin üzərinə qoymaq olar. Eləcə də, arının öz məhsulu bal və doğranmış cəfəri suyu da arı zəhərini dəf etmək üçün effektli vasitə sayılır.