Bərdə rayonunda “köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində sahibkarlara 500 min manata yaxın ziyan dəyib. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Axşam saatlarında “köhnə bazar” adlanan ərazidə umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.
Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib.
Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.
Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.
Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.