Bakıda qadın gənc sevgilisi tərəfindən qətlə yetirildi - Evi talan edildi


Dünən axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, sentyabrın 23-ü saat 21:30 radələrində Yeni Yasamalda 1 nömrəli evin mənzilində 1970-ci il təvəllüdlü Maya Arif qızının meyiti tapılıb. 

Qadın qətlin qurbanı olub. Naməlum şəxs qadına biri kürəyinə, digəri sinəsinə olmaqla iki bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi açılıb.  Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

Əldə olunan məlumata görə, qətli 1987-ci il təvəllüdlü Lənkəran rayon sakini törədib. Sözügedən şəxs hələ saxlanılmadığından adı açıqlanmayıb. 

Şübhəlinin narkotik istifadəçisi olduğu bildirilir. Bildirilib ki, tək yaşayan M.Kərimovanın kişi ilə yaxın münasibəti olub. Hadisə yerini araşdıran kriminoloqlar mənzilin alt-üst edildiyini müşahidə ediblər. Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilir.  Ehtimal olunur ki, qatil qurbanından pul istəyib və rədd cavabı aldıqdan sonra onu qətlə yertirib. Daha sonra o, mənzildə pul və qiymətli əşyalar axtarıb.

Öldürülmüş şəxsin cəsədini ilk olaraq qardaşı oğlu aşkar edib. O, M.Kərimovanın yanına gəlib, qapını döyüb, lakin qapının açıq olduğunu görüb.

Qeyd edək ki, sutka ərzində ikinci cinayət hadisəsi isə Xəzər rayonunda törədilib. Binə kəndində əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü qaynata Firdovsi Məhərrəmov 1989-cu il təvəllüdlü gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. Sentyabr ayının əvvəlindən bəri Bakıda 6 qətl hadisəsi baş verib.