Noyabrın 18-də saat 17:31-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xaçmaz rayonunun İzmayılovka qəsəbəsindəki qəbiristanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xaçmaz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları noyabrın 19-da həmin əraziyə göndərilib.
Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla üç ədəd tank əleyhinə mina (UTM-62M), üç ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), iki ədəd F-1 əl qumbarası, iki ədəd RQD-5 əl qumbarası, dörd ədəd UZRQM partladıcısı və bir ədəd boş avtomat darağı aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.