Kənd sakinindən LİDERƏ: “Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Neftçala rayon Xəzər kənd sakini Zərnişan Hüseynovanın dövlət başçısına məktubunda deyilir:  

“Möhtərəm Prezidentimiz, bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı yüngül itkilərlə keçirdi. Sizin və əziz Mehriban xanımın xalqa müraciəti qəlbimi riqqətə gətirdi. Müraciətinizdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qaldığınızı, onu bu bəladan qurtarmaq üçün necə çalışdığınızı göstərdiniz. Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik. Mən on iki uşaq anasıyam. Nəvələrim, nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə də sovuşacaq, xalqımız firavan günlərə dönəcək. Mən də, ailəm də hər zaman Sizi dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.