Xəbər verildiyi kimi, 30 iyul 2021-ci il tarixdə 1975-ci il təvəllüdlü Nailə Əliyeva evə gedərkən küçədə öldürülüb. Bu faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Binəqədi rayon prokurorluğundan “Sherg.az”a verilən məlumata görə istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürüb. Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.