Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə aldığı xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan "Sherg.az"a verilən məlumata görə aparılmış araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işləri görürmüş. Bu zaman o, üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.