İntihar “cavanlaşıb"! – Səbəb:“Hamı sosial şəbəkədədir, amma hamı asosialdır” 

Son günlərdə Azərbaycanda intiharlar “cavanlaşıb. Ötən gün paytaxtda iki intihar hadisəsi qeydə alınıb. Birinci olay paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Yaşar qızı Adıyeva yaşadığı evin həyətində özünü asıb. Digər intihar faktı isə Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, 2000-ci il təvəllüdlü E.Məmmədli özünü binanın 9-cu mərtəbəsinin eyvanından atıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bununla yanaşı, bu gün Astara sakini özünü asaraq intihar edib.1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfində aşkarlanıb. Üzərindən çıxan məktuba görə, onun böyük məbləğdə vergi borcu olub.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisələrin baş vermə səbəblərini “Sherg.az”a izah edən psixoloq Fərqanə Mehmanqızı  bildirib ki, belə hadislərdə uşaqlıq travmaları böyük rol oynayır:

“İntihar, aqressiya, depressiya, panik-atak bu və ya digər halların daxilində uşaqlıq travmaları yatır. Bu uşaqlıq travması isə böyüyən psixohəssas insanların ətrafın onlara qarşı münasibəti və onların ətrafa qarşı münasibətinin nəticəsidir. İnsan özünü həyata realizə edə bilməyəndə natamamlıq kompleksindən əziyyət çəkir. Bu kompleksdən əziyyət çəkən insanlar isə gec-tez ya qatil olur, ya da intihar edir. Ona görə də bu kimi hallara çox rast gəlinir”.

Psixoloq insanların yetərincə sosial olmadığını hesab edir:

“Cəmiyyət aqressiyadan əziyyət çəkir, empati bacarıqları aşağı düşüb. İnsanlar bir-birilərini dinləmirlər və  bir-birlərinə qarşı həssaslıq öləziyib. Bu da mənəvi aclığa gətirib çıxarır. Mənəvi aclıqdan əziyyət çəkən insanlar depressiyaya düşürlər. Depressiyayının xroniki hal alması və peşəkarlardan yardım istənməməsi intihara gətirib çıxarır. Bu gün hamı sosial şəbəkədədir, amma əslində hamısı asosialdır”.

 Çimnaz Şahlar