Arvad evdə tez-tez dava salırdı

Təqaüdçü müəllim dözməyib həyat yoldaşını öldürdü, övladları isə atalarına bəraət qazandırdı

   Hadisə Türkiyənin Konya şəhərində yaşanıb. Təqaüddə olan müəllim, 70 yaşlı Turqut Şimşək, xərçəng xəstəsi olan həyat yoldaşını güllələyərək öldürüb. Sonra da polis şöbəsinə gedərək cinayəti etiraf edib və təslim olub. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, məhkəmə zamanı Turqut Şimşək həyat yoldaşının davamlı söz-söhbət salmasından bezdiyini deyib: “Mənimlə 40 il əvvəlki məsələlərin haqq-hesabını çəkirdi. Bu dəfə də gözü dönmüş halda, yenə haqq-hesab çəkməyə başladı və üstümə bıçaqla gəldi. Aramızda 1 metr məsafə vardı. Mən də tapançamı çıxarıb atəş açdım. Onu öldürmək niyyətim yox idi. Nişan almadan, hara gəldi atəş açdım”. 

Hadisə yerinə gələn polis və təcili yardımın apardığı araşdırma zamanı məlum olub ki, güllə qadının başından dəyib və o, hadisə yerində ölüb. Şimşək ailəsinin məhkəmədə iştirak edən 4 övladı isə analarını öldürən atadan şikayətçi olmayıb. 4 övladdan biri – Adil Şimşək deyib ki, ana ataya qarşı daim əsəbi, kinli davranırdı. Bu hadisədən əvvəl də anaları atalarına bıçaq çəkibmiş. Digər oğul Əli Şimşək də “hər dəfə evə gedəndə dava etdiklərini görürdüm. Anam keçmişdə baş verənləri unutmurdu, hər dəfə xatırladıb dava salırdı.

Atamdan şikayətçi deyiləm”, söyləyib. Məhkəmənin 70 yaşlı kişiyə hansı cəza verəcəyi bir neçə gün sonra məlum olacaq.