“Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyətinin birinci mərtəbəsi kafe, restoran, bar, çayxana kimi fəaliyyət göstərir və onların əksəriyyətində qaz balonlarından istifadə olunur”
“Bu halın davam etdiyi müddətdə həmin binalarda yaşayan sakinlərin həyatı daim təhlükə altında olacaq”
Aprelin 3-də Bakının Səbail rayonu,Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda partlayış baş verib. Partlayış zamanı bir nəfər ölüb,bir neçə nəfərsə xəsarət alıb. Hadisə dağıntılara səbəb olub. Partlayış yanğınla nəticələnib. Olay yerinə hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. "Azəriqaz" İB-dən verilən məlumata görə, partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində yaranıb.
Məsələ flakon qaz balonlarından istifadə qaydalarını yenidən gündəmə gətirdi.Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu barədə “Sherg.az”a danışıb:
“Zirzəmilərdə, ictimai iaşə müəssisələrində, mağaza, anbar və s. obyektlərdə flakon qaz balonlarından istifadə qanunvericiliklə qadağan olunub. Burda əsas məqsəd insanların həyat və sağlamlıqlarının qorunmasıdır. Bu cür qaz balonları düzgün şəkildə istifadə olunmadıqda güclü parlayışa səbəb olur. Təminən 10-15 kvadratlıq bir otaqda flakon qaz balonundan qaz sızması olarsa, otaqda olan hava kütləsinin 2-3 faizi genişmiqyaslı partlayışa səbəb olur. Flakon qaz balonları istifadə edən şəxslər onu vaxtaşırı texniki baxışdan keçirməlidir. Elə qaz balonları var ki, illərlə texniki qulluq göstərilmədən istifadə olunur. Bu yolverilməzdir”.
Ekspert diqqətə çatdırıb ki, hazırda Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyətinin birinci mərtəbəsi kafe, restoran, bar ç ayxana kimi fəaliyyət göstərir və onların əksəriyyətində belə qaz balonlarından istifadə olunur:
“Bu halın davam etdiyi müddətdə həmin binalarda yaşayan sakinlərin həyatı daim təhlükə altında olacaq”.
E.Nurəliyevin qənaətincə, sahibkarları, belə yerlərdə obyekt işlədən şəxsləri bu barədə məlumatlandırmaq üçün vahid konsepsiyanın hazırlanması vacibdir:
“Beləcə sahibkarlar həmin konsepsiyadakı müddəalarla daha yaxından tanış olar, xidmət göstərməzdən öncə daha münasib yer seçərlər. Digər tərəfdən onlara təhlükəsiz şəkildə fəaliyyət göstərmələri üçün alternativ vermək lazımdır”.