Ekspert hesab edir ki, nəzarət-müşahidə kameraları ilə insanların hərəkətləri nəzarətdə saxlanmalıdır
Türkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib.
İstanbul Valisi Ali Yerlikayanın məlumatına görə, qadağa 5 iyul tarixindən 31 iyul tarixinədək qüvvədə olacaq. Bununla belə İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir. Lakin bu ərazilərdə kabab bişirmək, qaz balonundan istifadə etmək, qəlyan və hər cür od yandırmaq qəti qadağandır.
Qeyd edək ki, yayın qızmar günəşi, artan temperatur, qlobal istiləşmə, istirahət yerlərində insanların səhlənkarlığı və s. bu kimi müxtəlif səbəblərdən Azərbaycan meşələrində də yanğınlar çıxır. Görəsən, dağlıq və meşəlik ərazilərimizdəki təhlükəsizlik necə təmin olunmalıdır? Həmin ərazilərin yanğından mühafizəsi necə təşkil olunur və vətəndaşların üzərinə hansı vəzifələr düşür?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin “Şərq”ə açıqlamasına görə, mövsümdən asılı olmayaraq, həm insanların, həm də aidiyyəti üzrə müvafiq qurumların ərazi üzrə xarakterik olan təbii fəlakətlər, fövqəladə hadisələrə qarşı müdafiə tədbirləri, təhlükəsiz təxliyə planları olmalıdır. Hər bir ərazinin yerləşdiyi coğrafi mühitə uyğun ümumi konsepsiyalar hazırlanmalıdır:
“İstər-istəməz il ərzində mövsümə uyğun olaraq daşqınlar, sürüşmələr, yanğınlar, o cümlədən də digər təbii və texnogen hadisələr baş verir. Ona görə də hər əraziyə uyğun baş verə biləcək xarakterik hadisələri və həmin ərazi üzrə təhlükəsizlik qaydalarına riayət edilməli olduğu təhlükəsizlik qaydaları olmalıdır. Təbii ki, burada söhbət müxtəlif təbii fəlakətlər və fövqəladə hadisələrdən gedir. Vulkan püskürməsi, sürüşmə zonası, meşə sahəsi ətrafında yanğın, sel, daşqın, zəlzələ, qasırğa, tufan və s. hadisələrlə yanaşı, kimyəvi maddələrin istehsalı, neft-qaz partlayış təhlükəsi olan partlayıcı maddələrin istehsalı, daşınması, yanğın, təhlükə riskli istehsalat sahələrinə yaxın ərazilərdə yerləşən insanlar da mütləq həmin ərazi üzrə təhlükəsizlik qaydalarından agah olub, riayət etməlidirlər. İnsanlar təhlükəsiz təxliyə planı, toplanış məntəqəsi, təhlükə risklərinə dair maarifləndirilməlidir”.
Ekspertin sözlərinə görə, fövqəladə hadisə riski olan yerlərdə mütləq təhlükəsizlik planı olmalıdır. Aidiyyəti üzrə müvafiq qurumlar, orada yaşayan insanlar, orada xidmət göstərən insanlar, istehsalat obyektləri, turizm obyektləri və yaxud da digər xidmət sahələri təhlükə zamanı insanları necə qorunmaları haqqında mütəmadi olaraq məlumatlandırmalıdır:
“İnsanlar həm hadisə zamanı nə edəcəklərini, həm də hadisədən öncə təhlükə riskinin minimuma endirilməsi üçün nələr etməli olduqlarını bilməlidirlər. Bunun üçün müvafiq olaraq dövlət qurumlarının konsepsiyası da olmalıdır. Tədbirlər planı ərazinin yerləşdiyi coğrafi mövqeyin xarakteristikasına uyğun düzəldilməlidir”.
Müsahibimizin fikrincə, meşə yanğınlarının qarşısını almaq üçün girişi məhdudlaşdırmaq, insanların istirahət hüquqlarını əllərindən almaq da düzgün deyil. Qoruq olmayan ərazilərdən insanların istifadə haqqı var.
Yanğın və digər bədbəxt hadisələr olmasın deyə insanların əməl etməli olduğu təhlükəsizlik tədbirlərinə gəldikdə isə E.Nurəliyev deyib ki, meşəlik ərazilərdə s. ehtiyatının olması mütləqdir. Nəzarət müşahidə kameraları ilə insanların hərəkəti nəzarətdə saxlanılmalıdır:
“Eyni zamanda istirahət edərkən açıq meşə ərazisində oddan istifadə etmək olmaz, bunun üçün xüsusi yerlər var. Bəzi insanlar gedib meşə ərazisində od qalayır, sonra da söndürmədən ərazini tərk edirlər. Nəinki ocaq qalamaq, adi bir siqaret kötüyündən belə meşə yanğını baş verə bilər. Meşəlik əraziyə istirahətə gələn insanlar da, aidiyyəti üzrə müvafiq qurumlar da ərazini təmizləməlidirlər.
Meşə ərazisində hər zaman təmizliyə riayət olunmalıdır. Çünki ərazinin məişət tullantıları ilə zibillənməsi də yanğın təhlükəsi yarada bilər. Yerə şüşə butulkası düşə bilər, günəş şüaları şüşədən keçəndə istilik yaradıb yanğına səbəb ola bilər. Bütün bu qaydalara riayət etmək isə tək vətəndaşların və ya aidiyyəti qurumların üzərinə düşmür.
Bunlar hamısı kompleks görülən tədbirlər planıdır. İstirahət məqsədi ilə meşə ərazilərinə gedən vətəndaşlar, o cümlədən də meşəlik ərazilərdə istirahət mərkəzi işlədən sahibkarlar bilməlidirlər ki, sahəsində baş verən yanğınlar çox geniş miqyaslı olur.
Ərazinin relyefi o qədər mürəkkəbdir ki, yanğının söndürülməsi çox çətinliklə həyata keçirilir. Əraziyə çoxlu texnikaların, canlı qüvvələrin gəlməsi də çətindir. Yanğının söndürülməsi üçün çoxlu texnika və uzun bir zaman lazım ola bilir. Bu zaman çərçivəsində isə insanlar daha cox zərər çəkə bilər.
Buna görə də insanlar təhlükəsizlik tədbirlərinə əməl etməyə öncədən ciddi yanaşmalıdırlar. Müvafiq dövlət qurumları da mütəmadi olaraq maarifləndirilmələr və monitorinqlər təşkil etməli, baş verən pozuntuları vaxtında qeydə almalı və qabaqlayıcı tədbirlər görməklə bu kimi şeylərin qarşısını almalıdır”.