Heç nə düzəlmir, hələ də iş yerlərində təhlükəsizlik qaydalarına biganə yanaşılır
İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, hadisə ilə bağlı cinayət işi açılıb.
Xəzər Rayon Prokurorluğundan bildirilib ki, həmin ərazidə yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Müxtəlif tikinti obyektlərində, yaxud da istehsal zavodlarında bu cür qəzalar tez-tez olur. Vaxtaşırı ölümlə nəticələnən faktlar barədə məlumat alırıq. Əksəriyyətinin isə ehtiyatsızlıqdan baş verdiyi qeyd olunur.
İstehsalat qəzalarından necə sığortalanmaq olar?
Qeyd edək ki, dövlət və qeyri hökumət təşkilatları səviyyəsində istehsalat qəzalarının qarşısını almaq istiqamətində uzun illərdir ki, layihələr, təkliflər hazırlanır, ölüm hallarının ən azı minimuma endirilməsinə çalışırlar.
İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün çoxsahəli tədbirlər görülür. Amma bütün bunlara rəğmən nəticə arzuolunan səviyyədə deyil.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin "Şərq"ə açıqlamasına görə, istehsalatda, tikintidə, sənaye müəssisələrində və ümumiyyətlə, iş yerlərində baş verən qəzalar iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmaması, texniki təhlükəsizlik, əməyin mühafizəsi kimi təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verir:
"İş yerlərində cavabdeh şəxslər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Yəni işçilər üçün real həyati təhlükə olmamalıdır. İşçilər bilməlidirlər ki, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl edilməzsə, həm özləri, həm də digər işçilər üçün təhlükə yaratmış olurlar. Burada əsas məsuliyyət iş yerlərində rəhbər şəxslərin üzərinə düşür. Onlar həm istehsalat prosesində, həm də təmir tikinti və yenidənqurma vaxtı çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etməli, qayda pozuntusu aşkar edərsə işi dərhal dayandırmalı və pozulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları bərpa olunduqdan sonra işin davam etməsinə icazə verməlidir.
Yəni işi çalışdıranın marağında olmalıdır. Ancaq çox təəssüflər olsun ki, bugünkü gündə bir çox iş yerlərində buna biganə yanaşılır, təhlükəsizlik qaydalarına ciddi yanaşılmır, təhlükəsizlik qaydalarının pozulmasına görə heç kim məsuliyyətə cəlb olunmur. Demək olar ki, işçilərin çoxu bunu bilməyərəkdən edir, yəni xəbəri yoxdur ki, hansı təhlükəsizlik qaydalarına riayət etməlidir, necə etməlidir . Nəticədə isə iş yerlərində ağır qəzalar olur; həm işçilər xəsarət alır, həm də böyük maddi itkilər ilə qarşılaşırlar.
Bunun qarşısını almaq üçün istehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır. Təəssüflər olsun ki, bir çox müəssisələr, iş yerləri buna əməl etmir".