Həyatının şokunu yaşadı


Selfie çəkən turist vulkanın “qucağına” düşdü

  Tətil keçirmək üçün 3 qohumu ilə İtaliyaya gələn 23 yaşlı amerikalı həyatının dəhşətini yaşayıb. Səyahət ucuz başa gəlsin deyə, Napoli və məşhur Vezuvi vulkanının külə döndərdiyi qədim Pompey şəhərini səyahət rəhbəri olmadan gəzmək qərarına gəliblər. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki,  4 nəfərlik qrup Napoli şəhərinin şərqindəki vulkanın kraterinə baxmaq üçün dağa qalxıb. 200 metr hündürlüyə qalxdıqdan sonra oradan şəhəri “quş baxışı” seyr edib, sonra da Vezuvi vulkanının kraterinə yaxınlaşıblar. 

Burada 23 yaşlı turist arxası vulkana selfie çəkiminə hazırlaşıb və telefonunu çıxarıb. Bu əsnada telefon əlindən düşüb, gənc telefonun vulkanın “qucağına” düşməsini əngəlləməyə çalışıb, lakin özü də müvazinətini itirərək kraterə yuvarlanıb. 

 Bunu görən dostlarını dəhşət bürüyüb. Vaxt itirmədən təhlükəsizlik  xidmətinə zəng ediblər. Bölgəyə polis və xilasetmə qrupu cəlb edilib. Helikopterin köməyilə gənci kraterdən çıxarıblar.

 Gözlənilən faciənin əksinə, gəncin yüngülvari sıyrıqlarla canını qurtardığı bəlli olub. Turist xəstəxanaya aparılıb, lakin özbaşına vulkan bölgəsinə səyahət etdikləri üçün məsuliyyətə cəlb ediliblər. 

  Vezuvi vulkanının araşdırıcısı Roberto İsaia bildirib ki, şəhərin üzərindəki kül buludu 100 dərəcədən artıq temperaturdadır  və tərkibində zəhərli qazlar var. 

Pompey şəhəri fəlakətin üzərindən əsrlər keçməsinə rəğmən, bu gün də dəhşətin izlərini saxlayır. Hər il bura minlərlə turist gəlir və tarixdə baş vermiş dəhşətli vulkan püskürməsinin törətdiyi fəlakətin izlərinə şahid olur.