Naqif  Həmzəyev:“Heç bir azərbaycanlı Gəncə vəhşətini  unutmamalıdır”

“Hadisə hər anım günündə beynəlxalq təşkilatlar qarşısında yenidən qaldırmalıdır”

“Çünki bu Ermənistanın iç üzünü açan və dünyaya göstərən ən böyük dəlildir”

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından iki il ötür.2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. 

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə -4, 5, 8, 11, 17 oktyabrda- raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Bundan əlavə şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isə 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Ermənistan məğlubiyyətin acısını çıxarmaq üçün mülki əhalinin yaşadığı Gəncə şəhərinə raket hücumu etdiyini deyən bu şəhərdən seçilmiş millət vəkili Naqif Həmzəyev “Sherg.az”a bildirib ki, bu cinayətin günahkarları hələ də cəzalandırılmayıblar:

“Azərbaycan prokrorluğu tərəfindən Arutyana rəsmi cinayət qaldırılsa da, o həbs olunmayıb. O cümlədən bu terrorda əli olan digər erməni siyasi hərbi rəhbərliyinin nümayəndələri də nə Ermənistan, nə də, beynəlxalq qurumlar tərəfindən cəzalandırılıb. 

Ən kədərlisi isə insan haqlarından danışan beynəlxalq təşkilatlar və özünü demokratiyanın beşiyi kimi qələmə verən Qərb və Avropa ölkələrinin, Ermənistanın bu əməlinə reaksiya verməməsidir. 

Hələ də Gəncədə yaşayan uşaqlar terror nəticəsində yaşadıqları sarsıntıları unuda bilmirlər. Onların bu travmasını müalicə etmək üçün uzun illər lazımdır. Bizim tək təsəllimiz və bu terrorun qurbanlarının ruhunu şad edən yeganə hadisə 44 günlük müharibədə qələbə qazanaraq qisaslarının alınması oldu. 

Lakin heç bir azərbaycanlı bu vəhşəti unutmamalıdır. Hadisə hər anım günündə beynəlxalq təşkilatlar qarşısında yenidən qaldırmalıdır. Çünki bu Ermənistanın iç üzünü açan və dünyaya göstərən ən böyük dəlildir”.