Abşeron rayonu, Saray ŞTQ M.Əsədov küçəsində yerləşən “Dokta” apteklə bağlı şikayət var.
Bu haqda "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. O qeyd edib ki, vətəndaş Lamiyə Kazımova 4 aylıq körpəsinə 17.12.2022 tarixində Abşeron rayonu, Saray ŞTQ M.Əsədov küç, ev 1, m 67 də yerləşən “Dokta” aptekdən dəyəri 20 AZN-ə yaxın olan "Nutrilak Premium" qidasını alıb. Satış zamanı müştəriyə Əlavə Dəyər Vergisi (ƏDV) çeki verilib. Şikayətçi evdə qidanı məhsulun üzərində yazıldığı qaydada hazırlayarkən qoxusunun xoşagəlməz, əvvəlki qutulardan fərqli olduğunu hiss edib:
“Müqayisə üçün başqa aptekdən yenisini alıb. Həqiqətən də, qoxuların müxtəlif, xarab malın suda gec həll olduğunu görüb. Daha sonra həmin məhsulu aldığı aptekə qaytarmaq istədikdə isə müdiriyyət sözügedən qidanı geri götürməyəcəyini bildirib. Üstəlik, rəhbərlik “Hara şikayət edirsiniz, edin, öz qanunlarımız var, nə qaytarır, nə də araşdırırıq” kimi ifadələr işlədib. Vətəndaş həmçinin qeyd edib ki, məhsulun qutusunda 6 dildə məlumat olsa da, Azərbaycan dili bölməsində idxalçı şirkət yazılmayıb. L.Kazımova internetdən araşdırıb, məlum olub ki, bu şirkət Azərbaycanda “Nutrinet LLC” adı altında fəaliyyət göstərir”.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.