Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,8-ə bərabər olub.
Qeyd edək ki, zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.
Hadisənin yaşayış mətəqəsindən uzaqda yerləşən dağlarda baş verdiyini deyən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli "Sherg.az"a bildirib ki, dünən sutka ərzində 24 təkan qeydə alınıb:
"Bunlar müxtəlif texnogen bölgələrdə baş verib. Aralarında ən güclüsü isə İsmayıllıda baş verəndir. Ümumiyyətlə isə qorxulu heç bir şey gözlənilmir. Çünki Azərbaycanın elə bir seysmogen bölgəsi yoxdur ki, orada yaxın günlərdə dağıdıcı zəlzələ olsun. Şənbə günü Xoyda baş verən zəlzələ isə çox güclü idi. Bu təkanın gücü 8 baldan artıq təxmin edilir. Naxçıvanda isə birinci təkan yaşayış məntəqəsindən 108 km aralıda baş verdi. Naxçıvanın yaşayış və sərhəd mətəqələri zəlzələni 5 bal, qalan əraziləri isə 3 bal gücündə hiss etmişdi. Bunun Azərbaycanda olan zəlzələ ocaqlarını oyadacağına isə ehtimal edilmir. Digər tərəfdən İsmayıllıdakı təkanların İrandakı zəlzələ ilə heç bir əlaqəsi yoxdur".