“Onlara qarşı zorakılıqlar qeydiyyata alınsın"
“Hökumət təcili olaraq beynəlxalq qurumlarla yanaşı Avropa məhkəməsinə də müraciət etməlidir"
"Həm Azərbaycan, həm Ermənistan, həm də dünya qanunvericiliyində işgəncə cinayət məsuliyyəti yaradır".
Buna"Sherg.az"a hüquqşünas Əsəbəli Mustafayev əsir düşən hərbçilərimizin işgəncəyə məruz qalmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, xüsusilə əsir düşmüş döyüşçülərə qarşı işgəncə çox böyük qanun pozuntusudur:
"Bununla bağlı Vyana Konvensiyasında da müddəa var. Artıq bir çox beynəlxalq təşkilatlar və Qırmızı Xaç Komitəsi məsələ ilə maraqlanır. Düzdür, Ermənistan tərəfi işgəncə etdiyini inkar edə bilər. Lakin hadisə ilə bağlı görüntülər var və hər şey açıq-aşkar görünür. Azərbaycan dövləti müvafiq qurumlardan tələb etməlidir ki, beynəlxalq ekspertlərin iştirakı ilə həmin əsgərlər dindirilsin və onlara qarşı olan zorakılıqlar qeydiyyata alınsın".
Vəkilin sözlərinə görə, işgəncə halı qeydiyyata alındıqdan sonra Ermənistan hökümətindən cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilməlidir:
"Əgər onlar bundan boyun qaçırsalar, Azarbaycanın işgəncə faktının tanınması ilə bağlı Avropa məhkəməsinə müraciət etmək hüququ var. Hətta lazımi tədbirlərin görülməsi ilə əlaqədar Avropa məhkəməsinə indi də müraciət etmək olar.Yəni Avropa məhkəməsinin əli ilə təcili olaraq qonşu ölkələrdən Ermənistana həkimlərin dəvət olunması və hərbçilərimizin tibbi ekspertizadan keçirilməsini hökümət tələb edə bilər. Vaxtın uzanması isə bizim əleyhimizə işləyəcək. Çünki vaxt uzandıqca işgəncə izləri itəcək və Ermənistan tərəfi əsgərlərimizi qorxudaraq onlardan yalan danışmağı tələb edə bilər. Bu səbəblə də hökumət təcili olaraq beynəlxalq qurumlarla yanaşı Avropa məhkəməsinə də müraciət etməlidir".
Qeyd edək ki, Ermənistan KİV Zəngəzurda (Sünik) Azərbaycan ordusnunu hərbi geyimində olan şəxsin saxlanılmasının görüntülərini yayıb.
Görüntülərdə saxlanılan şəxsin vəhşicəsinə döyüldüyü hiss olunur.