“İran hökuməti 20 minə yaxın məktəbli qızın zəhərləndiyini açıqlamır”
Bunu "GünAzTV"nin təsisçisi Əhməd Obalı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranda qızların təhsil aldığı məktəblərə qarşı ayrı-seçkilik hökumət daxilindəki bəzi şəxslər tərəfindən edilir:
“Həmin şəxslər də İran Prezidenti İbrahim Rəisiyə yaxındırlar. Çünki sıravi şəxslər bu qədər zəhəri əldə edə bilməz. Onlar xalqdan qisas almaq istəyirlər. Zəhərlənənlərin sayı 20 minə yaxın olsa da, hökumət bunu etiraf etmək istəmir. Təkcə ilk zəhərlənmə hadisəsində 7 mindən çox xanım zəhərlənib. Bu hadisə yenə davam edib".
Say barədə dəqiq məlumatı olmadığını deyən Türkiyədə yaşayan Güney Azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, həqiqətən də İranda qız uşaqları zəhərlənir:
"Həmin uşaqlardan bəziləri ilə müsahibələr belə aparılıb. Onlar söyləyiblər ki, nəyi isə tənəffüs etdik, sonra başımız fırlanıb ürəyimiz bulandı və yerə yıxıldıq. Lakin ən vacibi zəhərlənmələrin arxasındakı məqamdır. Çünki hadisə böyük bir təhlükəsizlik məsələsidir. Hətta uşaqlar getdikləri məktəblərdə zəhərlənmək qorxusu ilə rahat nəfəs ala bilmirlər. Bu onların ailələri arasında da qorxu toxumu yayır.
Onlar qız uşaqlarını rahatlıqla təhsil almağa göndərməyə çəkinirlər. Digər tərəfdən bu hökumət tərəfindən törədilsə də, törədilməsə də əsas məsuliyyət dövlətindir. Çünki İran hökuməti bu günə qədər öhdəliklərini yerinə yetirməyib. Düzdür bu günə qədər müəyyən açıqlamalar olub. Lakin hamısı sözdə qalıb”.
Xanım analitik qeyd edib ki, hadisənin arxasındakı qüvvələr onsuz da boynuna almayacaq:
"Bu zəhərlənmələr böyük bir təhlükəsizlik qayğısıdır. İnsanlar artıq uşaqlarını məktəbə göndərməyə belə çəkinirlər. Ümumiyyətlə hadisə qızların təhsil almasının və müasirləşməsinin qarşısını almaq üçün törədilib. Onlar belə edərək qız uşaqlarının təhsil almasını məhdudlaşdırmağa çalışırlar. Burda əsas səbəbkar isə məsuliyyətsiz İran hakimiyyətidir".