Türkiyənin Bitlis bölgəsinin Tatvan rayonunda gölün ətrafında yaşayan ayılar bu dəfə piknik edənlərin süfrəsinə oturaraq yeməklərini yeyiblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, piknik üçün Nemrut gölünün sahilinə gələn bir qrup, ayıların onlara yaxınlaşması ilə düşərgə yerini tərk edərək uzaqlaşıb. Həmin vaxt gəzintiyə çıxanların yeməyini yeyən ana ayı və iki balası vətəndaşları qorxutsa da, piknikçilərin “bir az bizə də qalsın” deməsi gülməli anlar yaradıb.
Kənd gəzintisinə çıxan Dr. Öğr. Üyesi Cihan Önen həmin anları cib telefonu kamerası ilə lentə alıb.
Ayıların piknikçilərin masalarında oturduğunu söyləyən Cihan Önen bunları deyib: “Bu yaxınlarda Nemrutda kənd gəzintisinə çıxdım. Bu zaman qışqırıq səsləri eşidildi. Qışqırıq səsləri gələn tərəfə getdim. Çağırılmamış ana ayı balaları ilə piknikçilərin süfrəsində oturub tort və xəmirləri yeyirdi. Təbii ki, insanlar şoka düşdü və nə edəcəklərini bilmədilər. Daha sonra qışqıraraq heyvanları qovmağa çalışdılar. Təbii ki, uzun illər rayonda olduğum üçün insanlara ayılarla necə davranmaq barədə lazımi məsləhətlər vermişəm. Şükürlər olsun ki, ayılar bir müddət sonra heç bir qəza və problem olmadan uzaqlaşıblar".