Tozlu hava nə vaxta qədər davam edəcək?-EKOLOQDAN AÇIQLAMA

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
Qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirib ki, hazırda müşahidə olunan tozlanma daha çox transsərhəd xarakteri daşıyır:

“Belə ki, Mərkəzi Asiyada Qaraqum səhrasında baş verən toz burulğanı Xəzər dənizindən keçərək Azərbaycanın üzərinə gəlib”.

Ekoloq Canbaxış Nəcəfov isə bildirib ki,bu Orta Asiyada baş verən fırtına nəticəsində göyə qalxan tozlardır:

“Həmin fırtına nəticəsində göyə qalxan tozlar hazırda Azərbaycanada gəlib çatır. Azərbaycanda fırtınalar olmadığına görə  fəsadlarda baş vermir. Tozlu hava şəraiti 1-2 günə keçib gedəcək”.