Havaların istiləşməsi ilə əlaqədar olaraq turizm sektorunda canlanmalar başlayır. Yay tətilini səmərəli keçirmək üçün indidən hazırlıqlara başlayanlara da rast gəlinir. Ənənəvi olaraq, kimi yay istirahətlərini yerli turistik zonalarda, kimi isə xarici səyahətdə keçirməyi düşünür. Ona görə də turizm sənayesi üçün ilin yüksək sezon dövrüdür.
Bəs, görəsən, belə bir vaxtda ölkənin turizm sektorunda vəziyyət necə olacaq? Tur Qiymətlərin bahalaşacağı gözlənilir?
Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a açıqlamasında söyləyib ki, tələbat artsa belə, qiymətlər artmayacaq:
“Yay fəsli artıq gəlib. Bir müddət sonra, məktəblər, universitetlər də tətilə buraxılacaqlar. Bir sözlə, insanların ailəliklə səyahət etmək imkanları olacaq. Eyni zamanda, turlarla Azərbaycan bölgələrinə qısamüddətli də olsa, səfərlərin sayı artacaq. Əvvəlki dövrlərdə olduğu kimi, daxili təlabat yüksəkdir və ölkə daxilində istirahət edənlər kifayyət qədərdir. Quru sərhədlərin bağlı olmasına baxmayaraq, xarici səfərlərin göstəriciləri bərpa olunmaqdadır. Həmçinin pandemiyadan sonra, nisbətən artmaqdadır. Əvvəlki illərlə müqayisədə, ölkəyə gələnlərin və xaricə gedənlərin sayında artım müşahidə edilir. Bu o deməkdir ki, daxili tələbatda ciddi dəyişiklik yaşanmayacaq. Əksinə olaraq, ötən illərdə ölkə daxilinə istirahət üçün təlabatın yüksək olması yeni yerlərin açılmasını təşviq etdi. Kənd evləri artıb. Kiçik sahibkarlar müxtəlif kateqoriyalı, fərqli konstruksiyalı evlər, villalar inşa etdiriblər. Bunlar isə turistlərə təqdim olunur. Bu turistlərimiz üçün seçim, rəqabətlə daha əlverişli qiyməti tapma imkanıdır. Bazarda yetərincə yeni turizm obyektləri varlığı və sayının artmaqda olması yaxşı haldır".