DİN və DSX-dən BİRGƏ ƏMƏLİYYAT: Saxlanılanlar var

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
 Bu barədə Sherg.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Əzəmət Əhmədzadə və tanışı əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şərif Məmmədov saxlanılıblar. 

 “Ə.Əhmədzadənin idarə etdiyi nəqliyyat vasitəsindən 23 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə paytaxt ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər”.

 
DİN həmçinin bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.