Təxminən 200 il mavi dərili yaşayan ailənin sirri: “Mavi Fugatlar”

ABŞ-nin Kentucky ştatında yaşayan Fugate ailəsi nadir genetik xüsusiyyətə görə tarixə “Mavi Fugatlar” kimi düşüb. Ailə üzvlərinin dərisinin mavi rəngdə olması uzun illər həm alimlərin, həm də tarixçilərin diqqətini cəlb edib.

Sherg.az xəbər verir ki, hadisənin əsası 1820-ci ildə fransız mənşəli Martin Fugate ilə Eliza Smithin evliliyindən sonra qoyulub. Ailə ucqar dağlıq ərazidə yaşadığından və bölgədə qohum evlilikləri geniş yayıldığından, nəsillər boyu nadir genetik xüsusiyyət qorunub saxlanılıb.

Mütəxəssislərin araşdırmalarına görə, ailə üzvlərində methemoqlobinemiya adlı irsi qan xəstəliyi olub. Bu xəstəlik zamanı qanda oksigen daşınması pozulur və nəticədə dəri mavi çalara bürünür. Xəstəlik resessiv gen vasitəsilə ötürüldüyündən, uşağın mavi dərili doğulması üçün hər iki valideynin həmin geni daşıması tələb olunur.

XX əsrdə aparılan tibbi araşdırmalar nəticəsində bu vəziyyətin səbəbi müəyyənləşdirilib və bəzi hallarda metilen mavisi preparatı ilə müalicənin mümkün olduğu aşkarlanıb.

Zamanla ailə üzvlərinin başqa bölgələrə köçməsi və fərqli insanlarla evlənməsi nəticəsində genetik xüsusiyyət zəifləyib. Fugate nəslində mavi dərili doğulan son uşaq 1975-ci ildə dünyaya gələn Benjamin “Benjy” Stacy olub. Onun da dərisinin rəngi sonradan tədricən normallaşıb.

Beləliklə, təxminən iki əsr davam edən bu qeyri-adi genetik fenomen tarixdə “Kentukkinin mavi insanları” kimi iz qoyub.