Pezeşkianın açıqlaması İranın hazırki vəziyyətinin açıq etirafıdır - Əfşar Süleymani

"İran xalqının həmrəyliyi yalnız meydanda yox, gündəlik həyatda da hiss olunmalıdır" 

Son 40 il ərzində İrana qarşı tətbiq olunan sanksiyalar və İsraillə ABŞ-nin hücumları ölkənin iqtisadi imkanlarını təhlükə altına salıb. 2025-ci ilin dekabr ayında rialın kəskin dəyər itirməsi, inflyasiyanı 42% artıraraq, xalqın səbr kasasını daşıran son zərbə oldu. 2026-cı il fevralın 28-dən etibarən ABŞ və İsrailin 41 gün davam edən aramsız hücumları, İran iqtisadiyyatını dərin böhranla üz-üzə qoydu.

Problemin ciddiliyi İran prezidentini xalqa xəbərdarlıq etməyə vadar edib. Məsud Pezeşkian əyalət rəhbərləri ilə görüşündə, idarəetmədə istifadə olunan metodların mövcud problemlərin həllinə tam cavab vermədiyini bildirib. Onun sözlərinə görə, su, elektrik enerjisi, qaz və benzin istehlakının idarə olunması üçün ətraflı plan hazırlanmasa, ölkə problemlərlə üzləşməyə davam edəcək. Prezident İranı, mövcud vəziyyətdən çıxarmaq üçün xalqı istehlaka qənaət etməyə və idarəçilikdə əməkdaşlığa çağırıb.

Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, Pezeşkianın enerji istehlakı ilə bağlı dedikləri İranın hazırki vəziyyətinin açıq etirafıdır: 

“Ölkədə enerji problemi yeni yaranmayıb. Son hərbi gərginlik və bəzi enerji obyektlərinin hədəfə alınması mövcud problemi daha da dərinləşdirdi. Belə bir vəziyyətdə dövlətin xalqdan qaz, elektrik və benzin istifadəsində qənaət tələb etməsi, zərurətə çevrilmiş məsələdir. İranda enerji resurları uzun illər ucuz olduğu üçün xalq istehlaka ciddi yanaşmayıb. Müharibədən çıxan hər bir ölkə təbii ehtiyatların yenidən bərpa edilməsi üçün qənaət mexanizmlərini işə salmağa məcburdur. Belə şəraitdə dövlətin imkanları məhdudlaşır və prioritetlər yenidən müəyyən edilir. Enerji təminatı, ərzaq təhlükəsizliyi, logistika və ictimai təhlükəsizlik məsələləri isə əsas diqqət mərkəzinə çevrilir”. 

Sabiq səfirin sözlərinə görə, İran xalqının həmrəyliyi yalnız meydanda yox, gündəlik həyatda da hiss olunmalıdır: 

“Bəzən bir lampanı boş yerə yandırmamaq, lazım olandan artıq yanacaq işlətməmək də ölkənin ümumi yükünü azaltmağa kömək olur. Əgər İranda enerji istehlakı Avropadakı kimi planlı və məsuliyyətli şəkildə həyata keçirilsəydi, bu gün nə elektrik kəsintiləri olardı, nə də qaz və yanacaqla bağlı problemlər qabarıq şəkildə üzə çıxardı. Enerji israfı davam etdiyi müddətdə, hətta ən zəngin resurslara sahib ölkə belə zamanla problemlərin ağırlığı altında əziləcək. İran xalqı müharibənin aldığı imkanları geri qaytarmaq məqsədilə Pezeşkianın çağırışlarını dinləməli, buna uyğun hərəkət etməlidir. Necə deyərlər el bir olsa, dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar”.