Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, dövlət sərhədində potensial təhdidlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti və DSX-nin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.
Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a deyib ki, inkişaf etmiş dövlətlər poçt xidmətlərini bu cür dronlarla həyata keçirirlər:
''Bizim ölkədə isə bu üsuldan yeni istifadə olunur. Təəssüf ki, müasir texnikanın cinayyətkarlıqda istifadəsinə başlanılıb. Təbii ki, Azərbaycanda tam yeniliklərə cavab verməsə də, uçuş əleyhinə müəyyən texnikalar mövcuddur. Hadisədən də göründüyü kimi, uçuş aparatı ilə norkotik keçirməyə cəhd edənlərin qarşısı alınıb. Ancaq uçuş aparatlarını aşkar edən yeni texnikalar alınmalıdır. Çünki inkişaf etmiş dövlətlərdə istənilən səhadə son model texnikaları var. Onlardan heç biri bizim ölkədə yoxdur. Ümid edirik ki,bu barədə tədbirlər görüləcək. Narkokuryerlər istər quru, istərsə də su yolu ilə narkotik daşıyırdılar. İndi isə müasir texnikadan istifadə edərək hava yolu ilə narkotik daşınılır".