Həkimə hücum çəkib yaralamaq cinayətdir - RƏY

Həkimlə xəstə yaxınları arasında anlaşma olmalıdır

Bəzən təcili yardım evləri axtara-axtara qalır 

Daşkəsəndə xəstə çağırışa gedən həkimə bıçaqla xəsarət yetirib. Hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü Aydın Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub. Oxşar hallara digər ölkələrdə də rast gəlinir. Nəinki təcili yardım həkimlərinə, klinikalarda, xəstəxanalarda da bəzən həkimlərə hücum çəkilir, xəsarət yetirilir. Təcili yardım həkimləri isə daha çox təzyiqlərə məruz qalır. Təcili yardımın çağırışa gec gəlməsində əsasən həkimi günahlandırırlar. Əslində isə bu məsələdə ən az günahkar məhz həkimlərdir. 

Təcili Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, xəstə yaxınları bəzən çox aqressiv olur: 

- Allah hamıya cansağlığı versin, xəstələr şəfa tapsın, amma xəstə yaxınları, ailə üzvləri, reanimasiya şöbəsində müalicə alan xəstələrin yaxınları çox əsəbi, aqressiv olurlar. Onları anlayırıq, başa düşürük, insan doğmasını, əzizini itirəcəyi qorxusu altında olur və belə halda həyəcan keçirməsi, stresə düşməsi, davranışlarına sədd qoya bilməməsi təbii qəbul oluna bilər. Lakin bu, kiməsə hüquq vermir ki, həkimə, tibb işçisinə qarşı aqressiv davransın, həkimin üzərinə hücum çəksin, təhqir etsin, fiziki xəsarət yetirsin. Bu, qanun pozuntusudur, cinayət əməlidir. İnsan bütün hallarda təmkinli davranmalıdır. Özünü buna məcbur etməlidir. Səbrli olmağa çalışmalıdır. Mən Türkiyədə bu cür hadisələrin şahidi olmuşam, xəstə yaxınları həkimdən giley ediblər, əsəbi davranıblar. Həkimə odlu silahdan atəş açanlar da olub. Hər nə qədər xəstə yaxını xəstənin vəziyyətinə görə stresli olsa da, həkimə hücum çəkmək, onu yaralamaq qəbuledilməzdir. Həkimlə xəstə yaxınları arasında anlaşma olmalıdır. Elə xəstə var bioloji ömrünün bitməsinə saatlar qalır, göstəriciləri həyat əlamətlərinin getdikcə bitdiyini göstərir, belə şəraitdə həkim nə bacarırsa edir. Koronavirus dövründə bizim həkimlər öz həyatlarını təhlükəyə ataraq necə səylə çalışırdılar, hər çağırışa getməyə, xəstəyə kömək etməyə çalışırdılar. 35 həkim koronavirus dövründə dünyasını dəyişdi. Ola bilər gecikmələr olurdu, çağırışa gec gedilirdi, amma bu, həkimin səhlənkarlığı deyildi, bunu həkimin insafsızlığı kimi qələmə vermək qətiyyən düzgün deyil. 

Ş.Məmmədov bildirdi ki, təcili tibbi yardım sahəsində təkmilləşməyə ehtiyac var: 

- Təcili tibbi yardım stansiyaları, təcili yardım maşınları müasir tibbi avadanlıqlarla təchiz edilməlidir. Bu sahədə bəzi problemlərimiz var. Məsələn, Türkiyə “ACİL”ləri ilə müqayisədə bizdə texniki məsələlərdə çatışmazlıq görünür. İkinci məsələ isə təcili yardım xidmətində taktiki dəyişikliklərə gedilməsinin vacibliyidir. Təcili yardımda çalışan elə həkimlər var ki, intubasiya prosesini bilmir. Bu, xəstənin nəfəs yolunu açmaq, xəstənin nəfəs almasını təmin etmək üsuludur. Bunu yalnız reanimasiya həkimləri bacarır. Türkiyə həkimlərinə desən ki, bizim təcili yardım həkimləri bunu bilmir, təəccüb edəcəklər. Yaxud da artıq nəfəsi kəsilmək üzrə olan, ya da qəza keçirmiş adamın nəfəs almasını təmin etmək üçün boğazda xüsusi alətlə dəlik açılması prosesi var. Bunlar riskli əməliyyatlar sayılır və hər həkim də buna cürət etmir. Lakin məsələ insan həyatının xilasıdırsa, həkim hər cür təhlükəni gözə almalıdır. Ürəyin fəaliyyəti dayandıqda elektroşokdan istifadə edirlər. Amma digər riskli proseslərə getmirlər. Azərbaycanda təcili yardım SSRİ, Rusiya təcrübəsindən istifadə edir. Halbuki dünyada artıq Avropa səhiyyə təcrübəsi mövcuddur. Türkiyə təcili yardımı da Avropa tərcübəsinə əsaslanır. Yaxşı olar ki, bizdə də təcili yardım köhnə sovet modelindən xilas olsun. Taktiki dəyişikliklərə gedilsin. Xəstə yaxınlarının aqressiyasına əsas səbəb təcili yardım briqadasının çağırışa gecikməsi, ünvana gec çatmasıdır. Bunun öz səbəbləri var. Ambulansların sayı əhali sayı ilə müqayisədə çox azdır. Bakıda qeyri-rəsmi məskunlaşmış əhali sayı rəsmi qeydiyyatda olanlarla az qala eyni saydadır. Regionlardan paytaxta iş ardınca gələnlər, onların ailələri, təhsil alanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların rəsmi qeydiyyatı yoxdur. Bu da təcili yardımın işini çətinləşdirir. Sənədsiz evlər problemi təcili yardımın fəaliyyətini pozur. Çağırış edilir, amma vətəndaş ev ünvanı söyləyə bilmir. Başlayır, təxmini, haranısa nişan verməyə, yer göstərməyə, “filan yerə gəlin, sizi qarşılayacağıq”, deyirlər. Təcili yardım evləri axtara-axtara qalır. Bu da vaxt aparır. Digər böyük problem yollardakı tıxaclardır. Doğrudur, son zamanlar təcili yardım briqadaları avtobuslar üçün ayrılmış xüsusi zolaqlardan istifadə edir. Amma nəzərə alaq ki, heç də hər yerdə xüsusi zolaqlar yoxdur, yollardakı sıxlıq ümumi problemdir. Şəhərdəki ümumi sıxlıq ambulansların hərəkətini çətinləşdirir, ləngidir. Təcili yardım həkiminin işi ağırdır, məsuliyyətlidir. Təcili yardımda çalışan həkimlərin sayı da azdır. İş ağırdır deyə, hər həkim təcili yardımda çalışmaq istəmir. Yüksək əmək haqqı təklif edilsə, həkimlər təcili yardımda işləməyə həvəsli olar.