6,1 bal gücündə zəlzələ ilə bağlı yeni nəticə: Fay zonası yenidən aktivləşib

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 2025-ci ildə baş vermiş 6,1 bal gücündə iki zəlzələ ilə bağlı aparılan yeni araşdırma mühüm nəticələr ortaya çıxarıb.

Sherg.az xəbər verir ki, beynəlxalq elmi jurnalda dərc olunan tədqiqata əsasən, zəlzələlər ilk dəfə xəritələşdirilən Emendere Fay Zonası üzərində baş verib və bölgədəki qədim qırılma xətləri yenidən aktivləşib.

Alimlər 21 mindən çox afterşoku təhlil edərək müəyyən ediblər ki, əsas təkanlar və sonrakı zəlzələlər Emendere Fay Zonası boyunca qeydə alınıb. Araşdırmada həmçinin zəlzələlərin yalnız tektonik gərginliklə izah edilə bilməyəcəyi, bölgədəki geotermal sistemin də prosesə təsir göstərdiyi vurğulanıb.

Mütəxəssislərin qənaətinə görə, Sındırğıda baş verən zəlzələlər “hibrid zəlzələ” kimi qiymətləndirilməlidir. Tədqiqat nəticələri göstərib ki, iki əsas zəlzələ bir-birini tətikləmiş “əkiz zəlzələlər” xarakteri daşıyıb.

Alimlər əldə olunan nəticələrin zəlzələlərin öyrənilməsində geologiya, geofizika və seysmologiya kimi müxtəlif sahələrin birgə araşdırmalarının vacibliyini bir daha təsdiqlədiyini bildiriblər.