Əli Kərimli ömürlük həbs oluna bilər

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimlinin ittiham olunduğu maddə müəyyənləşib.

Teleqraf-ın məlumatına görə, ona Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəməyə çıxarılacaq Əli Kərimli barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Bu müddətdə isə istintaq tədbirləri davam etdirəcək. Təqsiri sübuta yetirilərsə, onu ağır cəza gözləyir.

Belə ki, Əli Kərimlinin ittiham olunduğu maddədə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər nəzərdə tutulur. Bu əməllərin cəzası isə 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrum etmədir.

Qeyd edək ki, Əli Kərimli və müşaviri Məmməd İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də aparılan cinayət işi çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb olunublar.

Ramiz Mehdiyevin də ittiham olunduğu maddələrdən biri 278.1-dir. Bundan başqa, keçmiş PA rəhbəri dövlətə xəyanətdə (274) və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada (193-1.3.2-ci)ittiham edilir.