İstanbulun Beylikdüzü rayonunda əsəb böhranı keçirdiyi bildirilən 23 yaşlı Bora Dere atası ilə yaşanan insident zamanı həyatını itirib.
Sherg.az xəbər verir ki, hadisə səhər saatlarında ailənin yaşadığı mənzildə baş verib. İddiaya görə, gənci sakitləşdirməyə çalışan atası H.D. ilə onun arasında qarşıdurma yaranıb. Bir müddət sonra Bora Dere hərəkətsiz halda yerə yıxılıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını itirdiyini müəyyən edib. Atası və ailənin digər iki övladı polis tərəfindən saxlanılıb. Meyit məhkəmə-tibbi ekspertizası üçün morqa göndərilib.
Məlumata görə, həm ata, həm də həyatını itirən gənc bir müddətdir psixoloji müalicə alırmış.
Atanın ilkin ifadəsində oğlunun əsəb böhranı keçirdiyini, onu sakitləşdirmək üçün möhkəm tutduğunu, bir müddət sonra isə hərəkətsiz qaldığını gördüyünü dediyi bildirilir. Anası isə oğlunun psixoloji problemlərinin olduğunu və hadisədən əvvəl aqressiv davranışlar sərgilədiyini ifadəsində qeyd edib.
İnsidentin dəqiq səbəbləri araşdırılır.