Türkiyənin Ankara şəhərində öskürək şikayəti ilə aparıldığı özəl klinikada antibiotik iynəsindən sonra ağır allergik reaksiya keçirərək yataq xəstəsinə çevrilən 10 yaşlı Merve Sena Sümerin işi üzrə uşaq həkimi T.K.D. barəsində məhkəmə iddiası qaldırılıb.
Sherg.az xəbər verir ki, prokurorluq həkimin "ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma" maddəsi ilə 4 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.
Hadisə 2021-ci ilin oktyabrında baş verib. Antibiotik vurulduqdan sonra uşaq anafilaktik şok keçirib, ürəyi təxminən 35 dəqiqə dayanıb. Bu müddətdə beyninə oksigen çatmadığı üçün o, 98 faiz əlil qalıb və hazırda yataq xəstəsidir.
İstintaq çərçivəsində hazırlanan ekspertiza rəyində klinikanın təcili tibbi yardım zamanı lazımi qaydada hərəkət etmədiyi, xəstənin müşahidə altında saxlanılmadığı, təcili yardım briqadasına natamam məlumat verildiyi və həkimin peşəkar diqqət və ehtiyatlılıq öhdəliyini yerinə yetirmədiyi qeyd olunub.
Həkim isə ifadəsində üzərinə düşən bütün tibbi prosedurları yerinə yetirdiyini bildirərək ittihamları qəbul etməyib.
Uşağın ailəsi məsul şəxslərin cəzalandırılmasını tələb edir. Ailənin vəkili isə ittiham aktının natamam tərtib olunduğunu, zərərçəkənin nitq və digər həyati funksiyalarını itirməsinin ittihamda tam əks olunmadığını bildirib.