Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyatla bağlı saziş imzalamağa hazırlaşır.
APA xəbər verir ki, razılaşma layihəsi Qazaxıstanın normativ hüquqi akt layihələri hökumət portalında dərc edilib.
Layihə əsasən, iki ölkə müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini imzalamağa hazırlaşır.
“Qazaxıstan hökuməti Qazaxıstanla Azərbaycan hökuməti arasında “müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin təsdiq edilməsi haqqında qərar qəbul etsin”, - layihədə qeyd olunub.
Həmçinin bildirilib ki, sazişin həyata keçirilməsi üçün Qazaxıstan büdcəsində Müdafiə Nazirliyinə ayrılan vəsaitin bir hissəsi nəzərdə tutulub.
Ölkələr aşağıdakı formalarda əməkdaşlıq edəcəklər:
Səlahiyyətli orqan rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin işçi görüşləri;
Müdafiə sahəsində növbəti tematik istiqamətlər üzrə hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi: terror və ekstremist təşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr, tərəflərin səlahiyyətli orqanlarının şəxsi heyəti üçün döyüş hazırlığı tədbirlərinin həyata keçirilməsi.
“Sazişin məqsədi müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində qarşılıqlı əməkdaşlığı həyata keçirməkdir. Tərəflər üçüncü ölkəyə qarşı yönələn hərbi kəşfiyyat fəaliyyəti həyata keçirmir”, - saziş layihəsində vurğulanıb.