1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən heç bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O, vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilmişdir. 1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqındca Azərbaycan Respublikasının Ali soveti qanun qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı qüvvələr günü elan edilmişdir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Azərbaycan ordusunun yaradılmasının 106-ci ildönümü qeyd olunur:
“Təbii ki, 106 illik tarixə malik ordunun bu günə qədərki inkişaf yolunu müxtəlif mərhələlərdə dəyərləndirmək olar. Birinci mərhələ 1918-ci il iyunun 26-dan sovet işğalı nəticəsində ordunun tərkibinə qatılanadək olan dövr. İkinci mərhələ 1991-ci ildən 2020-ci ilədək olan dövr. Üçüncü mərhələ isə 2020-ci ildən bu günə qədər olan dövrdür. 1918-ci il sentyabrın 15-də Nuri Paşanın əsgərləri və Azərbaycan ordusu Bakının azad edilməsində iştirak etdi. Ona görə də 1918-ci ildə Azərbaycan ordusunun ilk uğuru və ən böyük nailiyyəti Bakının azad edilməsidir. 1991-ci ildən ümummilli lider Heydər Əliyevin, daha sonra isə Cənab Ali Baş Komandan İlham Əliyevin ordunun yaradılmasına göstərdiyi diqqət, qayğı və dəstəyi nəticəsində Azərbaycan Silahlı Qüvvələri sıfırdan gücləndi. Sovet ittifaqı dövründə qazandığı bilikləri və NATO-nun təcrübələrini özündə birləşdirərək işğal olunmuş torpaqlarını azad etmək üçün bir təşkilat olaraq hazırlandı. Beləliklə 2020-ci ildə dünyanın 60-cı ən güclü ordusu oldu. Üçüncü dövr isə dünyanın ən qısa müharibələrindən biri olan 44 günlük savaşdan ibarət idi. Azərbaycan ordusu 44 günlük vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. O, bu müharibədə Ermənistanın silah ehtiyatının 70 faizini yararsız hala saldı və Vətən torpaqlarının 20 faizini geri aldı. Daha sonra isə 24 saatlıq lokal xarakterli antiterror əməliyyatları baş tutdu. Milli Müdafiə Universitetinin yaradılması, taktika-doktrina dəyişikliyi, NATO təcrübəsinin mövcud sistemə daxil edilməsi, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsindən sonra bir millət, iki dövlət, bir orduya çevrilməsi və türk ordusu modelinə keçmə, Türkiyə ilə birgə təlimlər, Gürcüstan, Pakistan və digər ölkələrin iştirakı ilə birgə beynəlxalq təlimlərdə iştirak sayəsində Azərbaycan ordusu hazırda Qafqazın, dünyanın ən güclü ordusuna çevrilib”.
Y. Karauz söyləyib ki, ordunun siyasi rəhbərliyinin göstərdiyi qayğı və Ali Baş Komandanın təşkilatçılığı, doktrinası, təlim-tərbiyə fəaliyyəti böyük əhəmiyyət kəsb edir:
“Eyni zamanda, keçmişdən bu günə qədər şəhidlərimizin qanı, veteranlarımızın fədakarlığı və əsgərlərimizdən ibarət qəhrəman Azərbaycan ordusunun təri bu qələbəni, bu qüruru indiki hala gətirib. Yaşasın rəşadətli Azərbaycan ordusu, yaşasın Vətəninin müstəqilliyinin təminatı olan Azərbaycan Dövləti!”.