İranın Baş Qərargahı İsrailin zərbəsinin əsas hədəflərini açıqlayıb

 İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına görə, İsrailin İrana hücumunun əsas hədəfi İslam Respublikasının üç vilayətində - Tehran, Xuzistan və İlamda yerləşən radarlar olub.

Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki,  İsrail... İlam, Xuzistan və Tehran əyalətlərində sərhəd radarlarına hücum edib və bu, ölkənin hava hücumundan müdafiə qüvvələrinin vaxtında gördüyü tədbirlər nəticəsində məhdud ziyan vurub", - İranın Tasnim xəbər agentliyi Baş Qərargahdan sitat gətirib.

Şənbə günü  İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də yəhudi dövlətinə edilən hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini bildirib. CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə və neft obyektlərinə şamil edilməyib.

İRNA-nın məlumatına görə, İranın neft sənayesi obyektlərindən heç birinə ziyan dəyməyib.

Fars xəbər agentliyi İsrailin Tehranın qərbində və cənub-qərbində bir sıra hərbi bazalara hücum etdiyini iddia edib. Eyni zamanda, “Tasnim” xəbər agentliyi İran paytaxtının qərbində və cənub-qərbində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbi mərkəzlərinə zərər verilmədiyini bildirib.

RİA Novosti müxbirinin verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 4.25 radələrində Tehranın mərkəzi hissəsində, Rusiya səfirliyinin yaxınlığında, təxminən bir dəqiqə davam edən ikinci partlayış səsləri eşidilib.