Məhsa Mehdili: İranın anti-Azərbaycan mövqeyi quyruq acısından başqa bir şey deyil

1 yanvar 2025-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı, 29 dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub. Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, Qarabağ savaşından sonra Azərbaycanın geosiyasi yüksəlişi baş verdi:

“Sözügedən qələbədən sonra İranın belə hücumları daha da sərtləşib. Azərbaycana məxsus təyyarənin Rusiya tərəfindən vurulduğu ərəfədə İranın bu cür hücumlarının da müəyyən məqsədi var. Lakin İranın belə addımları yeni deyil. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra İran bunu özünə təhlükə olaraq görür. Ona görə də xarici siyasətlərini buna uyğun formalaşdırıblar. Qarabağ problemli mövcud olduğu zamanlarda Tehran rejimi bundan istifadə edirdi. Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra İranın anti-Azərbaycan mövqeyi güclənib. Müharibədən sonra ermənilər torpaqlarımızdan çıxdığı zaman İran bunu özünün qırmızı xətti elan etdi. Halbuki həmin ərazilər Azərbaycana məxsus idi və ermənilər tərəfindən işğal olunmuşdu. Hazırda Tehran rejiminin Cənubi Qafqaz siyasəti iflasa uğrayıb. Eyni zamanda ölkə daxilindəki azərbaycanlıların İrana böyük etirazı var. İranın anti-Azərbaycan mövqeyi quyruq acısından başqa bir şey deyil. İranın Şimali azərbaycanlılara yönəlik Səhər Televiziyası Azərbaycan əleyhinə zəhər məkanı formalaşdırıblar. Şimali və Cənubi azərbaycanlılar arasında heç bir problem olmaz. İran ağıllı dövlət olsaydı ölkə əlaqələrini yaxşılaşdırmaq üçün mövcud vəziyyətdən istifadə edərdi”.