Tehranda küçələr qana boyanıb: Xamneyi günahı ABŞ-da görür - ŞƏRH

“Molla rejimi problemləri həll etmək əvəzinə, resurslarını ballistik raket proqramlarına, dron istehsalına yönəldir”

İranda dekabrın 28-dən etibarən başlayan etiraz aksiyaları hələ də davam edir. Ölkənin bütün şəhərlərində hərbi vəziyyət elan olunub. “Reuters” agentliyinin yaydığı məlumata görə, etiraz dalğasında, həlak olanların sayı 3 mini keçib. Sosial şəbəkələrdə yayılan qara torbalara bükülmüş kütləvi cəsəd görüntüləri, etirazların, zorakı qarşıdurma mərhələsinə keçdiyini göstərir.

 Ölkədə internetin kəsilməsi, xəbər saytları və telekanalların fəaliyyətinin dayandırılması, ictimai narazılığı daha da artırır. Bu gün İranın ali dini rəhbəri Əli Xameneyi baş verən zorakı hadisələrə görə ABŞ-ni və Prezident Donald Trampı ittiham edib. Cavab olaraq ABŞ Dövlət Departamenti isə İran hakimiyyətinə rəsmi xəbərdarlıq ünvanlayıb. Açıqlamada İranın ABŞ-nin regiondakı hərbi bazalarına hücum planları hazırladığına dair məlumatların mövcud olduğu bildirilib. Qeyd edilib ki, D. Trampın dəfələrlə vurğuladığı kimi, İran hər hansı hücuma əl atsa, ABŞ-nin sərt cavabı ilə qarşılaşacaq. Mövcud proseslər çərçivəsində, İran xalqını hansı ssenarilərin gözlədiyi açıq sual olaraq qalır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, siyasi liderlər, xüsusilə avtoritar rejimlərin rəhbərləri törətdikləri zorakılığı açıq şəkildə etiraf etmirlər:

“Məntiqlə yanaşsaq, Xamneyinin çıxıb “3000 nəfəri güllələmişik” deməsi absurddur. Bu səbəbdən məsuliyyət illərdir olduğu kimi, yenə də ABŞ və İsrailin üzərinə yönəldilir. Şübhəsiz ki, Amerika və İsrail kəşfiyyatının İranda baş verən prosesləri izləməsi və müəyyən hallarda gərginliyi dərinləşdirməyə çalışması ehtimaldan kənar deyil. Lakin fundamental bir həqiqət var: Heç bir xarici güc daxildə sabit, legitim və cəmiyyət tərəfindən qəbul edilən rejimi asanlıqla sarsıda bilməz. Çünki İranda illərdir yığılıb qalmış ciddi daxili problemlər mövcuddur. Ölkədə iqtisadi, sosial vəziyyət son dərəcə gərgindir. İşsizlik, hiperinflyasiya, daxili bazarda məhsul qıtlığı geniş kütləni əhatə edir. Üstəlik, iqlim dəyişiklikləri və su böhranı ölkəni dərin ekoloji fəlakətlə üz-üzə qoyub”. 

Politoloqun sözlərinə görə, molla rejimi daxili problemləri həll etmək əvəzinə, radikal qruplaşmaları maliyyələşdirir:

“Molla rejimi problemləri həll etmək əvəzinə, resurslarını ballistik raket proqramlarına, dron istehsalına və onların xarici ölkələrə satışına yönəldir. İran “nüvə danışıqlarından” çıxdıqdan sonra, uranı yenidən zənginləşdirib, nüvə silahı əldə etməyə çalışır. Bu da milyardlarla dollar xərc tələb edir. Həmçinin, rəsmi Tehran regionda Həşd-Şabi, HƏMAS, Hizbullah, husilər və son illərdə Afrika regionundakı radikal qruplaşmalara maliyyə ayıraraq, silahlandırır. Məqsədləri isə proksi qüvvələr vasitəsilə, təsir dairələrini genişləndirməkdir. Bütün bu proseslər birbaşa İran xalqının vəsaiti hesabına həyata keçirilir. Lakin haqlarını tələb edən insanlar küçələrə çıxdıqda, ABŞ və İsrailin “müdaxiləsi” kimi təqdim olunur. Digər mühüm məsələ isə İranda etnik azlıqlara, xüsusilə azərbaycanlılara qarşı tətbiq olunan sistemli diskriminasiyadır. İllərdir ki, Güney Azərbaycandakı soydaşlarımız ana dilində təhsil almaq və sərbəst şəkildə danışmaq hüququndan məhrumdur. Təbrizdə, sənaye müəssisələrinin yaradılmasına icazə verilmir. Məqsəd isə Təbrizin Tehrandan asılı vəziyyətdə saxlanılmasıdır”. 

T. Rzayevin qənaətinə görə, rejim çıxış yolu tapa bilmədikdə məsuliyyəti ABŞ və İsrailin üzərinə atır:

“Xarici güclər istənilən ölkədə təsir imkanları axtara bilərlər. Lakin real müdaxilə üçün müvafiq zəmin lazımdır. İran rejimi bu şəraiti illər ərzində özü formalaşdırıb. Etirazların şiddətlənərək, silahlı mübarizə mərhələsinə keçmə ehtimalı rejimi qorxuya salır. Məhz buna görə SEPAH və Bəsic qüvvələri küçələrə çıxıb, insanları güllələyirlər. Bütün bunlar, İran tarixində yeni hadisə deyil. 1979-cu ildə şah hakimiyyəti devrildikdən sonra molla rejiminə müxalif olan sosialistlərə, milli fəallara, ziyalılara qarşı geniş repressiyalar həyata keçirilmişdi. İndi isə eyni proseslər təkrarlanır. Rejim xalqa atəş açmaqla, açıq şəkildə insan haqlarını və beynəlxalq hüquq normalarını pozur. Rəsmi mənbələr, 3000 nəfərin öldüyünü etiraf etsə də, qeyri-rəsmi məlumatlara görə real itkilərin sayı 5000-10.000 arasında dəyişir. Daxili problemləri həll etmək iqtidarında olmadıqda, məsuliyyəti dərhal ABŞ və İsrailin üzərinə atmaq, rejimin əsas psixoloji manipulyasiya mexanizmidir”.

Aybəniz Səfərova