Siyasət Paşinyanın reytinqini yox, regionda sülhü gücləndirir - ŞƏRH

Sahib Alıyev: 4 hay məhkumun azad edilməsi və neft satışı sülh təşəbbüsünün yumşaq güc metodudur

Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərdən danışarkən Baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib. “Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır” – deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bəlli edib.

Hakan Fidanın bu sözləri Ermənistanda ciddi müzakirələrə səbəb olub, xüsusən də müxalifət tərəfindən birmənalı qarşılanmayıb.

“Moskvanın adamı” olaraq tanınan Samvel Karapetyanın komandası, həmçinin kəskin müxalifətçi politoloq Suren Surenyants Fidanın sözlərini Türkiyənin daxili işlərinə müdaxilə kimi qələmə veriblər. Lakin Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması prosesi üzrə nümayəndə Ruben Rubinyan bu iddiaların yalan olduğunu bildirib. Rubinyan Ankaranın Paşinyanı dəstəkləmədiyini, Fidanın sadəcə hazırkı hökumətin konstruktiv, sülhmeyilli mövqeyini təqdir etdiyini söyləyib. Sözügedən məsələ ölkədə müxalifət və hakimiyyət nümayəndələri arasında qalmaqala səbəb olub. 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi İrəvanın konstruktiv siyasət yeritməsi haqda açıqlamasının Ermənistanda Rusiyaya bağlı media, eləcə də siyasətçilər tərəfindən qarşıdakı parlament seçkisində Nikol Paşinyanın dəstəklənməsi kimi qiymətləndirilməsi qərəzli və bəsit yanaşmadır:

“Azərbaycanın 4 hay məhkumu Ermənistana təhvil verməsi, qonşu ölkəyə neft məhsullarının satılmasının artıq davamlı ticarət əlaqəsi xarakteri alması da Hakan Fidanın açıqlamaları kimi yanlış dəyərləndirilir. Azərbaycanla Türkiyənin bu siyasəti Nikol Paşinyanın reytinqinin artmasına yox, bu regionda sülhdə maraqlı olmayan dövlətlərin təsirlərinin zəifləməsinə yönəlib. 

“Güclü həm də humanist olur” prinsipindən çıxış edən Azərbaycan, həm beynəlxalq auditoriyaya, həm də hay toplumuna birincisi, bununla sülh təşəbbüsünü özü irəli sürdüyü kimi, onu sözdən, sənəddən əmələ çevirənin də məhz özü olduğunu və olacağını başa salır. Yəni bu, əslində, güc göstərmənin yumşaq metodudur. Çünki Ermənistana neft məhsullarının satılması kimi, Qarabağdakı hərbi xuntanın başında duranlardan bir çox baxımdan fərqlənən 4 hay məhkumun həbsdən azad edilməsi də təzyiq nəticəsində olmayıb. Bu, etimad quruculuğuna xidmət edən, sülh prosesini irəli aparan və onu əngəlləməyə çalışanların da əl-qolunu bağlayan addımlardır. Sadəcə, Ermənistanın kimlərdən yanacaq asılılığında olduğunu xatırlatsaq, öncəki cümlədəki fikirlərin nə dərəcədə əsaslı olduğunu isbatlamağa yəqin ki, ehtiyac qalmayacaq.

Beynəlxalq auditoriya, eləcə də hay toplumu özü də aydın görür ki, Birinci Qarabağ savaşında məhz bu regionda qarşıdurmada maraqlı olanların yaxından dəstəyi ilə üstün mövqe qazanan Ermənistan ələ keçirdiyi şəhər və kəndlərimizi darmadağın etdiyi, bizə qarşı düşmənçilik siyasətini daha da gücləndirdiyi halda, Azərbaycan tam fərqli addımlar atır. “Ermənistanın blokadası” kimi təqdim edilən məhdudiyyətləri nəinki aradan qaldırır, ona tranzit ölkəyə çevrilmək, müstəqil siyasət yeritmək şansı yaradır, enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayır. Onlardan fərqli olaraq təkəbbürlü və aşağılayıcı davranışlara yol vermir, sözün hər anlamında böyüklüyünü göstərir.

Və bütün bunlar həm də onun üçündür ki, Ermənistandakı toplum yaxşı-yaxşı götür-qoy etsin: onlara nə və kim əl verir? Özlərindən hər baxımdan qat-qat güclü olan Azərbaycan və Türkiyə ilə düşmənçilik narrativindən çıxış edənlərmi, yoxsa reallığı düzgün qiymətləndirərək praqmatik siyasət yeritməyə üstünlük verənlərmi? Yəni burada məqsəd bir daha vurğulayırıq, heç də hazırda məhz belə siyasət yeritdiyi təəssüratı yaradan Ermənistan hakimiyyətini dəstəkləmək deyil, sülh gündəliyinin, normallaşma prosesinin önəmliliyini, qarşılıqlı fayda və əmin-amanlıq baxımından hər iki tərəf üçün alternativsizliyini anlamayanlara da anlatmaqdır”.