Britaniyanın “San” nəşri məlumat yayıb ki, Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.
İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər:
“Əsəd şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıb. Dərhal həkimə müraciət edilib”.
Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi vurğulanıb. Bildirilib ki, analizlər bədənində zəhər olduğunu göstərib.
Qeyd edək ki, Britaniya nəşri xəbərlə bağlı heç bir rəsmi mənbəyə istinad etməsə də, Rusiyadan bu iddiaya heç bir reaksiya verilməyib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Britaniya nəşrinin bu haqda verdiyi məlumatların müəyyən dərəcədə doğru olma ehtimalı yüksəkdir:
"Çünki bu cür informasiyalarda həqiqət payı adətən olur. Əgər bu məlumatlar həqiqətə uyğundursa, ortaya maraqlı bir sual çıxır: belə hadisələr necə baş verir?
İki əsas ehtimal var:
Birincisi, hadisə xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bir əməliyyat ola bilər.
Ikincisi bu, müəyyən maraq qruplarının daxili və xarici siyasətdə öz üstünlüklərini təmin etmək məqsədilə planlaşdırdığı bir addım ola bilər.
Rusiyada bəzi dairələr qərblə münasibətləri normallaşdırmağa çalışır. Lakin hazırkı hakimiyyətin siyasətinə narazılıq edən oliqarxlar da mövcuddur. Xüsusilə yəhudi əsilli oliqarxlar, sanksiyaların onların qərbdəki sərvətlərinə və biznes maraqlarına zərər verdiyini düşünərək, indiki vəziyyətdən narazıdırlar. Bu şəxslər illərdir sərvətlərini Qərb banklarında saxlayır və beynəlxalq ticarət əlaqələrinə malikdir. Bu oliqarxların məqsədi Qərblə əlaqələrini qorumaq və sanksiyaların təsirini azaltmaqdır. Roman Abramoviç bu kontekstdə diqqətəlayiq bir nümunədir. O, Rusiya ilə Qərb arasında, xüsusilə Ukrayna münaqişəsi zamanı vasitəçilik edib. Abramoviç Londonda yaşayır və müxtəlif ölkələrdə - Rusiya, İsrail və Türkiyədə də aktivlik göstərir. Onun fəaliyyəti geniş beynəlxalq əlaqələrdən xəbər verir. Eyni zamanda, Rusiya daxilində hakimiyyət uğrunda rəqabət və daxili çəkişmələr də belə hadisələrin səbəbi ola bilər. Əgər bu hadisə Vladimir Putinin təsdiqi ilə həyata keçirilsəydi, hədəfin sağ qalması çətin olardı. Bu, Putindən asılı olmayan daxili güc mübarizəsinin nəticəsi ola bilər. Alternativ olaraq, Qərb xüsusi xidmət orqanlarının müdaxiləsi ehtimalını da nəzərdən qaçırmaq olmaz. İsrail də bu prosesdə maraqlı tərəflərdən biri ola bilər".
Ekspert əlavə edib ki, belə şəxslərin çoxlu məxfi məlumatlara sahib olduğu məlumdur:
"Bu məlumatların açıqlanmaması üçün bəzi güclər onların susdurulmasını tələb edə bilər. Rusiya xüsusi xidmət orqanlarına aid məlumatların da bu şəxslərə çatdırıldığı ehtimal olunur, lakin bu məlumatlar hələ ictimaiyyətə açıqlanmayıb. Adətən, bu cür şəxslər devrildikdən sonra uzun müddət sağ qalmırlar. Ümumilikdə, hadisələrin təhlili həm daxili rəqabətin, həm də xarici müdaxilələrin təsirini anlamaq üçün vacibdir."