Türkiyənin Samsun şəhərində son 1-1,5 ay ərzində qripə bənzər infeksiyalara yoluxma halları artıb. Sherg.az İHA-ya istinadən xəbər verir ki, Samsun Universitetinin Tibb fakültəsinin infeksion xəstəliklər üzrə mütəxəssisi, professor Özgür Günal qripin xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
Həkimin sözlərinə görə, soyuqdəymə və qrip tez-tez qarışdırılsa da, onların əlamətləri fərqlidir. Soyuqdəymə zamanı halsızlıq, yorğunluq, burun axması, asqırma və iştahasızlıq müşahidə olunur. Qrip isə yüksək hərarət, əzələ ağrıları və insanı yatağa salacaq dərəcədə ağır simptomlarla müşayiət edilir.
Professor qeyd edib ki, ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən, kimyaterapiya alan şəxslərdə qrip daha ağır fəsadlara səbəb ola bilər. Bu səbəbdən həmin şəxslər simptomlar yarandıqda mütləq tibb müəssisəsinə müraciət etməlidirlər.
Özgür Günal qripdən qorunmaq üçün hər il peyvənd olunmağı, əl gigiyenasına riayət etməyi, ictimai nəqliyyatda və insanların sıx olduğu məkanlarda gigiyena qaydalarına xüsusi diqqət yetirməyi tövsiyə edib. Xüsusilə yaşlılara və xroniki xəstəlikləri olanlara qrip peyvəndini ildə ən azı bir dəfə vurdurmağı məsləhət görüb.