“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır

Şiddətli yağışlar və sahilboyu ərazidə yaranan hündür dalğalar Hollivud ulduzu Nikolas Keycin Malibu şəhərindəki evinə ciddi ziyan vurub. Evinin qarşısındakı yolun çökməsi nəticəsində 9,1 metr dərinliyində çuxur yaranan aktyor hazırda otellərdə yaşadığını bildirib.

Sherg.az xəbər verir ki, 62 yaşlı “Oskar” mükafatlı aktyor Los-Ancelesdə keçirilən “Comic Con” tədbirində çıxışı zamanı hazırkı yaşayış şəraiti barədə danışıb. Hellouin planları ilə bağlı suala cavab verən Keyc “Hazırda bir qədər evsizəm”, – deyə bildirib.

İki ay əvvəl Kaliforniyanın Malibu bölgəsindəki evinin girişində yolun çökməsi nəticəsində böyük çuxur yaranan aktyor vəziyyəti belə izah edib:

“Malibudakı evimdə problem yaranıb. Buna görə də hazırda otellərdə qalıram”.

Sentyabr ayında evin qarşısında yaranan çöküntü yolu dağıdıb və 10,5 milyon dollar dəyərindəki malikanəyə ciddi ziyan vurub. Sahil eroziyası və güclü fırtınaların təsiri nəticəsində okean sahilində yerləşən evin bəzi hissələri torpaq altında qalıb.

Hadisə yerindən çəkilən fotolarda malikanənin bağlı qarajının yaxınlığında asfaltın çatladığı, beton örtüklərin isə dağıldığı görünür.

Yaranmış təhlükəli vəziyyət səbəbindən Keycin qonşuları da ərazidən təxliyə edilib. Küçədəki yeddi ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Səlahiyyətli qurumlar avtomobillərin giriş-çıxışının təhlükəli olması səbəbindən ərazidəki daha 24 evi də qırmızı nişanla işarələyib.

Keycin 2024-cü ildə 10,5 milyon dollara aldığı malikanə artıq əvvəlki dəbdəbəli görkəmində deyil. Okean sahilində yerləşən evdə cakuzi ilə təchiz olunmuş dam terrası, hündür şüşə divarlar və çoxsaylı yataq otaqları var.